AZ

Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb

Tovuz, 18 mart, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dədə Qorqud, Bahar qız, Kosa və Keçəl faytonda şəhər gəzintisindən sonra meydana daxil olub və tədbir iştirakçılarını salamlayıblar.

Meydanın mərkəzində tonqal qalanıb, idmançılar bacarıqlarını nümayiş etdirib, milli oyunlar, Novruz adət-ənənələri təqdim olunub.

Tədbir iştirakçıları Novruz adət-ənənələrini özündə əks etdirən sərgi ilə tanış olub, çıxış edənlər şəhid ailələrini, qaziləri və sakinləri bayram münasibətilə təbrik ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov tovuzluları və qonaqları bayram münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanı qədim sivilizasiyanın mərkəzi kimi tanıdan misilsiz dəyərlərdən biri də müqəddəs Novruzdur. Elə buna görə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramının UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi iris kimi tanınması böyük nailiyyətdir. Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar həyata keçirilir. Xalqın rifahını daha da yüksəldən sosial paketlər uğurla icra olunur.

Bayram şənliyi rayon mədəniyyət və incəsənət işçilərinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.

 

Seçilən
11
3
azertag.az

10Mənbələr