Tailandın baş naziri Petonqtarn Çinavat “Formula 1”in baş direktoru Stefano Domenikali ilə ölkədə dünya çempionatının keçirilməsi mümkünlüyü ilə bağlı danışıqlar aparıb.
Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hökumət rəsmisi bildirib ki, görüş Tailandın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək potensialını nümayiş etdirib.
Məlumata görə, hökumət bu məqsədə nail olmaq üçün "Formula 1" rəhbərliyi ilə sıx əməkdaşlıq etməyə hazırdır.
“Hər iki tərəf uyğun şəhərin seçilməsi, investisiya və layihənin ümumi məqsədəuyğunluğu da daxil olmaqla, “Formula 1” tədbirinin keçirilməsi imkanlarını araşdırmaq üçün birgə işi davam etdirmək barədə razılığa gəlib”, - nümayəndə əlavə edib.
Qeyd edilib ki, layihə təsdiq olunarsa, yarış 2027-ci ildə keçiriləcək.