AZ

Təcrübəçiyə maaş verilməlidir?

Son illər müxtəlif vəzifələr üzrə təcrübəçi tələb olunduğu elanlarla çoxu qarşılaşır. Müşahidələr göstərir ki, bilik və bacarıqla bağlı tələblərə görə iş elanlarından çox da fərqlənməyən belə elanlarda qarşı tərəfə əksər hallarda təcrübə keçməsi barədə sertifikat və ya nəqliyyat, qidalanma xərclərinin ödənilməsi vəd edilir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, belə hallarda faktiki olaraq müəssisəyə təcrübəçi kimi cəlb edilən şəxs müəyyən işlərin görülməsinə səfərbər olunur. Başqa sözlə, təcrübəçi olmaq pul almadan işləmək üçün əsasa çevrilir.

Bəs müəssisəyə cəlb edilən təcrübəçiyə əməkhaqqı ödənilməməsi qanunidirmi?

Nazirlər Kabinetinin təsdiq etdiyi “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması”nda bildirilir ki, təhsilalanla işəgötürən arasında təcrübə dövrü üçün sınaq müddəti müəyyən edilmədən müddətli əmək müqaviləsi bağlanılır. Təhsilalana onun ixtisasına uyğun yerinə yetirdiyi iş və xidmətlərə görə aylıq iş vaxtı norması tam işlənildikdə, işəgötürən tərəfindən minimum aylıq əməkhaqqından (400 manat) az olmamaq şərtilə əməkhaqqı ödənilir.

Təcrübəçinin, həmçinin aşağıda göstərilən hüquqları var:

- İş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqı almaq və ya onun verilməsini tələb etmək;

- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri (xidmətləri) yerinə yetirməkdən imtina etmək, belə işləri (xidmətləri) icra etdikdə isə müvafiq əlavə əməkhaqqının verilməsini tələb etmək;

- Sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən istifadə etmək.

İşəgötürən, onu həmçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməlidir.

“Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə deyir ki, Nazirlər Kabinetinin sözügedən qərarından irəli gələn tələbləri praktik olaraq tətbiq etmək mümkün olmur.

Hüquqşünas məsələni saytımıza şərh edərkən bildirib ki, bəzi universitetlər vəsait köçürsə də, müəssisələrdə ştatların sayı təhsilalanlarla əmək müqaviləsi bağlanılmasına imkan vermir:

“Büdcə təşkilatlarında bunu etmək çox çətin olur. Xüsusən ştatları Nazirlər Kabineti tərəfindən təsdiq edilən dövlət orqanlarında bunu etmək praktiki baxımdan mümkün olmur. Buna görə də əksər hallarda təcrübəçini qəbul edən müəssisələr onlara ödəniş etməkdən imtina edirlər”.

Müsahibimiz təcrübəçilərə ödəniş edən müəssisələrin də olduğunu desə də, bunun çox az hallarda baş verdiyini qeyd edir. Ancaq bu, o demək deyil ki, təcrübəçiyə əməkhaqqı ödənilməməlidir. Söhbət ondan gedir ki, işəgötürən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməmişdən əvvəl onlarla əmək müqaviləsi bağlamalıdır. Əks təqdirdə İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürən fiziki şəxsdirsə, 1000 manatdan 2000 manatadək, vəzifəli şəxsdirsə 3000 manatdan 5000 manatadək, hüquqi şəxs olduqda isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
 

Təcrübəçi ilə əməkhaqqı ödənilməməsini nəzərdə tutan müqavilə bağlanması da mümkün deyil.


Qanunvericiliyə görə, əmək müqavilələrində əməkhaqqı məbləği minimum əməkhaqqından az olmamalıdır. Bu həddən aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Bizim.Media

Seçilən
6
4
bizim.media

5Mənbələr