AZ

Lənkəranda İlaxır çərşənbəsinin adət-ənənələri yaşadılır

Lənkəran, 19 mart, İlkin Adıyev, AZƏRTAC

Novruz bayramı xalqımızın ən qədim və ən əziz bayramlarından biridir. Cənub bölgəsində – Lənkəran, Masallı, Astara və Lerikdə Novruz çərşənbələrindən sonuncusu - Torpaq çərşənbəsi xüsusi təntənə ilə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranda İlaxır çərşənbəsinə hazırlıqlar günlər öncədən başlayıb. Axşam saatlarında tək sayda ocaqlar qalanır, gənclər və uşaqlar bu ocaqların üzərindən tullanaraq öz ağırlıqlarının odda yanmasını arzulayırlar.

İlaxır çərşənbənin səhəri, sübh saatlarında isə yerli sakinlər çay kənarına gəlirlər. Lənkəranda bu mərasim əsasən Lənkərançayın Sütəmurdov ərazisindən keçən hissəsində keçirilir. Bu il də çay kənarında bayram tədbiri təşkil olunub.

Sakinlər çaydan su götürüb əl-üzlərini yuyur, doldurduqları suyu evlərinə apararaq evin dörd bir tərəfinə səpirlər. Bu, ilin bərəkətli və uğurlu keçəcəyinə inamla bağlıdır. Maraqlı ənənələrdən biri isə gənc xanımların saçlarını kəsib axar çaya atmasıdır. Onlar inanırlar ki, bu ayin saçlarının çay kimi gur və uzun olmasına kömək edəcək. Bundan başqa, köhnə əşyalar və geyimlər də çaya atılır ki, yeni il bolluq və firavanlıq gətirsin.

Səhər saatlarından başlayan bu maraqlı mərasim günortaya qədər davam edir. İlaxır çərşənbənin qeyd olunması xalqımızın qədim inanclarına sadiqliyini və Novruzun mənəvi dəyərlərini yaşatmaq ənənəsini bir daha göstərir.

Seçilən
1
azertag.az

1Mənbələr