Yavaş-yavaş havalar qızır və isti günlər yaxınlaşır. İsti hava şəraitində avtomobilin soyutma sistemindən tutmuş kondisionerə, təkərlərin təzyiqinə qədər bir sıra mühüm amilləri yoxlamaq lazımdır. Bu, həm sürüş təhlükəsizliyini artırar, həm də avtomobilin tez bir zamanda nasazlıq yaratmasının qarşısını alar.
News24.az Metbuat.az-a istinadən xəbər verir ki, avtomobil ustası Əli Əliyev açıqlamasında avtomobili yay mövsümünə hazırlayarkən diqqət ediləsi məqamlardan danışıb.
Onun sözlərinə görə, avtomobildə ilk növbədə, soyutma sistemini yoxlamaq lazımdır:
“Əsas radiatorun təmiz olub-olmamasını və suyun sızıb-sızmamasını yoxlamaq vacibdir. Əgər radiator çirkli və ya tıxanmışsa, onu yuyub təmizləmək lazımdır. Əks halda mühərrik qızacaq, avtomobil yolun ortasında qala bilər. Avtomobilin ventilyasiya sisteminin hər dövrdə düzgün işləməyini yoxlamaq lazımdır ki, avtomobili qızdırmasın. Həmçinin mühərrikin yağına baxmaq lazımdır. Yağ və hava filtrlərini dəyişmək vacibdir, çünki qışdan sonra avtomobilin bu hissələri dəyişdirilməlidir. Yayda havanın isti olmasını nəzərə alaraq, kondisioner sistemini mütləq yoxlamaq lazımdır. Kondisioner qazının kifayət qədər olub-olmamasını, filtri dəyişmək və sistemdə sızma olub-olmamasını yoxlamaq vacibdir. Sistemdə hər hansı bir problem varsa, qazın buraxıldığını yoxlamaq lazımdır. Təkərləri də yoxlamaq vacibdir. Təkərlərin təzyiqi normal olmalıdır, çünki qış təkərləri aşağı təzyiqlə aşına bilər və səs çıxara bilər”.
Ə.Əliyev əyləc mayesinin hansı vəziyyətdə olub-olmamasına baxmaq lazım olduğunu qeyd edib:
“Maye azalmışsa, əlavə olunmalıdır. Əgər əyləc qəlibləri aşınıbsa, onları dəyişmək lazımdır ki, əyləc sistemi normal işləsin. Akkumulyatoru yoxlamaq vacibdir. Dinamo düzgün işləyirmi? Akkumulyatorun doldurma və boşalma səviyyəsini yoxlamaq lazımdır. Əgər akkumulyator mayə ilədirsə, ona maye əlavə olunmalıdır. Əgər zəifdirsə, onu dəyişmək lazımdır. Şüşəsilənin rezinlərini də yoxlamaq lazımdır. Qışdan sonra rezinlər quruyub və su vuranda düzgün silə bilmirlər. Bu zaman rezinləri dəyişmək lazımdır. Avtomobili günəşdən qorumaq üçün qoruyucu təbəqə istifadə etmək vacibdir ki, günəşin altında avtomobilin içi çox isti olmasın və daxili hissələr zərər görməsin. Həmçinin, mühərriki günəş altında çox işlətmək düzgün deyil. Məsələn, avtomobili günəş altında buraxıb gedirsinizsə, mühərrik çox qızara bilər və bu, problemlərə yol aça bilər. Əgər bu addımları düzgün atsanız, yayda avtomobiliniz heç bir problem yaratmaz”.