“Novruz bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnir. Ulu Öndərimiz Heydər Əliyev qeyd etmişdi ki, “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik”. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı”.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycan xalqı zəngin mədəniyyətini və adət-ənənələrini daim yaşadaraq nəsillərdən nəsillərə ötürüb, inkişaf etdirib. Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb. Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur.
Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Uzun fasilədən sonra cənab Prezidentimiz İlham Əliyev qədim şəhərimiz olan Şuşada bayram tonqalı qaladı. Bu hadisə xalqımızda böyük qürur hissi doğurdu. 2023-cü ilin sentyabrında isə ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində bütün Qarabağ separatçılardan təmizləndi. Beləliklə, ötən ildən etibarən Novruz bayramında Xankəndidə, Xocalıda da Novruz tonqalı yandırılır. Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.