Bakı, TurkicWorld
Azərbaycanda süni intellekt laboratoriyasının qurulmasına başlanılır.
TurkicWorld-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb.
Belə ki, qurum hazırda laboratoriyanın qurulması məqsədilə avadanlıq və lisenziyalar almaq mərhələsindədir.
"AzInTelecom" sözügedən laboratoriyanın qurulmasının 7,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədilə imzalanıb.
Sənədə əsasən, "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiq edilib.