"Yetərli miqdarda maye olmadan daxili orqanların bir çox funksiyası pozula bilər..."
Susuzluq hissi bədənin mayeyə təcili ehtiyac duyduğunu bildirən bir siqnaldır. Lakin susuzluq həmişə yeganə və əsas dehidrasiya əlaməti olmur. Su çatışmazlığını göstərən daha az nəzərə çarpan əlamətlər də var.
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb.
Nəşr orqanizmin suya ehtiyacı olduğunu göstərən 10 əsas əlaməti qeyd edib. Bunlar aşağıdakılardır:
1. Sidiyin tünd rəngdə olması
Su çatışmazlığının ən yayılmış əlamətlərindən biri sidiyin rənginin dəyişməsidir. Normalda sidik açıq sarı və ya kəhrəba rəngində olmalıdır. Əgər orqanizmdə su azdırsa, böyrəklər tullantıları, toksinləri və ölü hüceyrələri daha çox cəmləşdirir, bu da sidiyin tündləşməsinə səbəb olur.
Bəzən sidiyin rəngi dərmanlar, çuğundur, qulançar və ya boya maddələri olan qidalar səbəbindən dəyişə bilər. Lakin tünd rəng uzun müddət davam edirsə, sağlamlığınıza diqqət yetirmək və daha çox su içmək vacibdir.
2. Sidiyə çıxma sayının azalması
Orta hesabla insan gündə 6-7 dəfə tualetə gedir. Əgər bu göstərici azalırsa, deməli, bədən susuzlaşmamaq üçün mayeni saxlamağa çalışır. Sidiyə çıxma azalıbsa, su qəbulunu artırmaq lazımdır.
3. Dərinin quruması
Bədəndə maye çatışmazlığı dərinin vəziyyətinə də təsir edir. Yetərincə su içmədikdə dəri quruyur, solğunlaşır və erkən qocalma əlamətləri görünə bilər. Yalnız nəmləndirici kremlərə güvənmək əvəzinə, daha çox su içərək qan dövranını və dərinin daxildən qidalanmasını yaxşılaşdıra bilərsiniz.
4. Gözaltı tünd halqalar
Əgər gözlər yorğun görünürsə və altlarında tünd halqalar əmələ gəlibsə, bu, susuzluqdan qaynaqlana bilər. Su göz almasının nəm səviyyəsini qorumağa və gözyaşı mayesinin əmələ gəlməsinə kömək edir. Maye qəbulunu artırmaq göz ətrafındakı dərinin görünüşünü yaxşılaşdıra bilər.
5. Qıcolmalar və əzələ spazmları
Bədəndə su çatışmazlığı kalium, kalsium və maqnezium kimi vacib mineralların azalmasına səbəb ola bilər. Bunun nəticəsində əzələlər qeyri-ixtiyari şəkildə yığılıb qıcolmalara səbəb ola bilər. Xüsusilə idmanla məşğul olan və ya güclü fiziki yüklənməyə məruz qalan insanlar üçün bu daha vacibdir.
6. Yalançı aclıq hissi
Bəzən bədən susuzluğu aclıqla səhv salır. Beyinin aclıq və susuzluq siqnallarını idarə edən hipotalamus hissəsi səhv siqnallar göndərə bilər. Bunun nəticəsində insan sadəcə su içmək əvəzinə yeməyə başlayır. Lazımsız kalori qəbulundan qaçmaq üçün əvvəlcə bir stəkan su içib 10-15 dəqiqə gözləyin. Əgər aclıq keçməzsə, deməli, bədəninizə həqiqətən qida lazımdır.
7. Erkən qocalma
Bədənimizin 70 faizi sudan ibarətdir və onun çatışmazlığı dərinin elastikliyini itirməsinə, qırışların çoxalmasına səbəb olur. Yetərli miqdarda su içmək qocalma proseslərini ləngidə və dərinin gənc qalmasına kömək edə bilər.
8. Oynaqlarda ağrılar
Su oynaqlar üçün bir növ sürtkü rolunu oynayır və sümüklərin rahat hərəkətini təmin edir. Əgər bədəndə su azdırsa, qığırdaqlar daha tez aşınır və bu da ağrılara, iltihablara səbəb ola bilər. Əgər oynaqlarınız tez-tez ağrıyırsa, su qəbulunu artırmağa çalışın.
9. Mədə problemləri
Maye çatışmazlığı mədədə turşuluğun artmasına səbəb ola bilər ki, bu da xora yaranma riskini yüksəldir. Bunun qarşısını almaq üçün müntəzəm olaraq su içmək və yemək vaxtları arasında uzun fasilələr verməmək tövsiyə olunur.
10. Qəbizlik
Su bağırsaqların işində mühüm rol oynayır. Əgər bədən susuzlaşarsa, həzm prosesi yavaşlayır və qəbizlik yarana bilər. Həzm sisteminin normal işləməsi üçün gündə ən azı 8-12 stəkan su içmək vacibdir.
Susuzluğun qarşısını necə almaq olar?
Bədənin maye balansını qorumaq üçün:
- yalnız susuzluq hiss etdikdə deyil, gün ərzində müntəzəm olaraq su için;
- su ilə zəngin təzə tərəvəz və meyvələrin istehlakını artırın;
- qəhvə və spirtli içkilərin qəbulunu azaldın, çünki onlar susuzluğa səbəb olur;
- sidiyin rəngini izləyin- nə qədər açıq rənglidirsə, bir o qədər yaxşıdır.
Düzgün su qəbulu sadəcə bir vərdiş deyil, sağlamlığınıza və rifahınıza birbaşa təsir edən vacib amildir.