AZ

Atəşkəs danışıqları, yoxsa prosedur bataqlığı?

Dünya Tramp-Putin telefon söhbətlərindən gözlədiyi nəticəni görmədiyindən, Ər-Riyadda 24-25 mart Rusiya-ABŞ danışıqlarından sonra sülh naminə konkret qərar veriləcəyinə pessimist yanaşırdı və danışıqlar bitəndə, bu qənaət təsdiqləndi. Putinin hər danışıqdan sonra özünü daha inamlı hiss etməsi Ukraynaya daha sərt zərbələr endirməsindən aydın hiss olunurdu və danışıqlara gedən Rusiya nümayəndə heyəti qarşısında məsələnin daha da yubadılacağı şübhə doğurmurdu. Elə də oldu. 
 
Rusiya tərəfinin danışıqların yeni raundu haqqında xəsislilkə verdiyi açıqlamadan bunu anlamaq olur. Qriqori Karasin: ” Maraqlı, mürəkkəb, amma kifayət qədər konstuktiv oldu”. 
 
Amerikalılar danışıqların necə sonlanmasına daha real cavab veriblər:” Ümumiyyətlə, heç nə. Ən azı, hələlik belədir”. Əgər atəşkəsin texniki şərtləri üzərində 12 saat danışılandan sonra da nəticə yoxdursa , bir politoloqun dediyi kimi, bu, diplomatiya deyil, “prosedur bataqlığıdır” və problemin həllinin uzadılmasına xidmət edir.  
 
SSRİ-nin XİN rəhbəri olmuş Andrey Qromıkonu dünya siyasətçiləri “ mister Yox” adlandırırdılar və  həmin “ Yox” mənası bu günkü Rusiya diplomatiyasının da xarakterik xüsusiyyətlərindəndir. Hər hansı bir məsələnin sürətləndirilməsi zərurət olanda da Rusiya tərəfinin “yox” deməsinə, tələsmədən, müzakirələrə ehtiyac olanda da, yenə “yox” deyib əks mövqe nümayiş etdirməsinə dünya diplomatiyası adətlənib, xüsusilə Ukrayna müharibəsi ilə bağlı danışıqlarda. Düzdür, ruslar hər dəfə birbaşa “yox” deməklə amerikalıları qıcıqlandırmaqdan çəkinirlər, amma belə hal yarananada da bütün günahları Ukraynanın üzərinə yıxmağa çalışırlar.
 Ər -Riyad danışıqlarında Rusiya nümayəndə heyəti atəşkəsin texniki şərtlərindən çox, işğal etdikləri Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin qondarma referendumla Rusiyanın ərazisi hesab edilməsi və Rusiya Konstitusiyasının ərazilərin verilməsini qadağan etdiyindən danışmışlar. Onlar hesab edir ki, müharibə nə qədər uzanarsa Donald Tramp Ukraynanı torpaq güzəştinə məcbur edəcək. Bu danışıqlarda Qara dənizdə gəmilərin təhlükəsizliyi ilə bağlı kövrək razılıq əldə olduğu deyilir, amma burada da Rusiyanın şərtlərinin qəbuledilməz olduğu haqqında artıq Ukrayna Radasından məlumatlar gəlir.
 
Ümumiyyətlə, ABŞ real sülh vasitəçisi rolunu o qədər rusiyayönümlü aparır ki, bu Ukraynanının kapitulyasiyası ilə nəticələnə bilər. Hətta, dünya siyasi analitikləri Trampın Ukraynanı “finlandiyalaşdırmaq” (bu termin soyuq müharibə dövründə işlədilib) siyasəti apardığını irəli sürüblər. Vaxtilə 1939 və 1941-44 -də SSRİ ilə Finlandiya arasında olmuş müharibənin nəticəsinə görə Finlandiya 10% ərazisini güzəştə gedir, NATO üzvü olmur, güzəştə getdiyi ərazilərdə yaşayan finləri nəzarətində olan ərazilərinə köçürülməsinə razı olur. Qalan ərazilərdə suverenliyini qoruyur. İndi Putinlə Tramp Ukraynanı da “finlandiyalaşdırmaq” istəyirlər. Ərazisini güzəştə getsin, NATO üzvü olmasın, işğal olan yerlərdə yaşayan ukraynalılar tezliklə ərazini tərk etsin və ya Rusiya vətəndaşlığını qəbul etsin.
 
Ortada sülhdən çox biznes maraqlarının öndə olması bu vasitəçiliyi, bu danışıqları yalnız nəticəsiz deyil, ən azı diplomatik etikaya sığmayan mənəviyyatsızlıq həddinə çatdırır. Yanvarın 20-dən bəri dünya bu acı mənzərənin şahididir.  Amma, Ukrayna bu mənzərənin sadəcə seyriçisi olmaq niyyətində deyil. Baxmayaraq ki, güvəndiyi ABŞ ondan gözlənilən siyasəti aparmır. Avropa İttifaqı isə yekdil  olmamaqla yanaşı, verdiyi qərarların icrasında ləng hərəkət edir, üstəlik ABŞ-ni də siyasətində korrektələr etməyə məcbur edə bilmir. Yəni, hər bir dövlət öz maraqlarını daha çox önə çəkir və təəssüf ki, 2014-də Krımın və Donbasın bir hissəsinin işğalına zəiflik nümayiş etdirən Qərb, bu gün onun nəticələri ilə üz-üzə qalıb. 
 
Hər halda, heç bir danışığın olmamasından olması yaxşıdır. Rusiya danışıqların nəticəsi haqqında hələ rəsmi məlumat verməyib. ABŞ və Ukrayna arasında danışıqların nəticələri ilə əlaqədar Zelenskinin verdiyi açıqlamadan məlum olur ki, müzakirə olunan beş müddəadan dördü ilə müəyən qədər razılaşma əldə olunub. 
 Ukrayna prezidenti aşağıdakıları vurğulayıb:
 
  • dənizdə sakitlik
  • sərbəst naviqasiya enerji sisteminə hücum etməmək. 
  • razılaşmanın üçüncü bəndi nəzarət və monitorinqdir: "Amerika tərəfi ilə razılaşdırılıb ki, Amerikadan başqa üçüncü tərəfləri də cəlb etmək mümkündür.  Məsələn, Avropadan kimsə və ya Türkiyə ".
  • dördüncü bənd nəticənin davamlı sülh olması üçün tərəflərin çalışacağına aiddir.
 
Ukraynanın ABŞ və ABŞ-ın də Rusiya ilə verdiyi bəyanatlardakı razılaşmanın beşinci bəndi fərqlidir.
 
Zelenski: "Bildiyimizə görə, ruslar Amerika tərəfinin ruslara öz kənd təsərrüfatı məhsullarını daşımaqda kömək etməsi məsələsini gündəmə gətirib. Yəni bu, limanlar, tariflər və sair məsələsidir. Biz buna razı olmadıq ki. Hesab edirik ki, bu, mövqelərin zəifləməsi və sanksiyaların zəifləməsidir".
 
Rusiya isə hələlik birinci bəndlə razılaşıb. Yəni, deyildiyi kimi, atəşkəsin Pasxa bayramınadək əldə olunması real görünmür, çünki Rusiya inadında israrlıdır, Tramp isə Rusiyaya vəd etdiyi təzyiqi göstərmir.
 
İlham İsmayıl
Seçilən
24
moderator.az

1Mənbələr