İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra İBB Məclisində seçki keçirilib. İBB Şura üzvlərinin səsi ilə Şura üzvü Nuri Aslan İBB Bələdiyyə sədrinin müavini oldu.
KONKRET.az Globalinfo.az-a istinadən İBB sədri vəzifəsini icra edəcək Nuri Aslanın dosyesini təqdim edir.
1969-cu ildə Sivasda anadan olan Nuri Aslan ibtidai və orta təhsilini İstanbulda başa vurub. 1990-cı ildə Yıldız Texniki Universitetinin Dəniz Memarlığı və Dəniz Mühəndisliyi fakültəsini bitirib. Peşəsinə görə uzun illər özəl sektorda çalışıb və bir müddət özəl şirkətdə baş menecer vəzifəsində çalışıb.
1999-2004-cü illərdə Küçükçekmece Bələdiyyə Məclisinin üzvü olan Aslan yerli idarəetmədə ilk təcrübəsini bu dövrdə qazanıb. Siyasi həyatını Cümhuriyyət Xalq Partiyasında davam etdirən Aslan 2019 və 2024-cü il yerli seçkilərində Beylikdüzü və İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin üzvü seçilib.
Aslan təkcə siyasətdə deyil, vətəndaş cəmiyyəti təşkilatlarında da fəal rol alıb. 2009-2020-ci illərdə Sivas Koyulhisar və Kəndlərə Xidmət Vəqfinin (KODAV) vitse-prezidenti, 2014-2018-ci illərdə BEYSİAD (Beylikdüzü Sənayeçi və İş Adamları Dərnəyi) sədri, 2014-2021-ci illərdə isə İSİFED (İstanbul Sənaye və İş Adamları Federasiyası) İdarə Heyətinin üzvü olaraq çalışmışdır. O, həmçinin 2011-2019-cu illər arasında Beylikdüzü Şəhər Şurasının İcraiyyə Şurasının üzvü olub.
Evli və 3 uşaq atası olan Nuri Aslanın 56 yaşı var.