AZ

Allahşükür Paşazadə: Builki Ramazan bayramı bizim üçün daha dəyərli və əlamətdardır

Bakı, 28 mart, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan və dünya müsəlmanlarını təbrik edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təbrikdə şeyxülislam Allah-taaladan hər kəsin oruc ibadətlərinin qəbul, dualarının müstəcab olmasını diləyib.

Qeyd edib ki, müsəlman dünyasında Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək gündür. Ayeyi-şərifdə Uca Rəbbimizin Ramazanın mahiyyətinə verdiyi dəyər çox böyükdür. Ramazan ayı insanlara doğru yolu göstərən, haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır.

A.Paşazadə təbrikində, həmçinin bildirib: “Builki Ramazan bayramı bizim üçün daha dəyərli və əlamətdardır. Allaha çox şükürlər olsun ki, hər yeni Ramazan bayramı dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına və beynəlxalq miqyasda yeni zirvələrin fəthinə rəvac verir. Dövlət rəhbərimizin fövqəladə səyləri nəticəsində ölkəmiz bu gün beynəlxalq səhnədə mühüm layihələri həyata keçirən, qlobal iqlim problemlərinə həsr olunmuş COP-29 Forumuna, Ümumdünya Dini Liderlərinin Bakı toplantısına, 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən dövlətə çevrilmiş, dünyanın siyasi arenasında qətiyyətli söz sahibi haqqını qazanmışdır. Xalqımız bu tərəqqinin təminatını möhtərəm dövlət başçımız Prezident İlham Əliyevin möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində və müdrik islahatlarda görür, hər sahədə qazanılan nailiyyətlərin yüksəliş yolunu təqdir edir. Bu zəfərlər bizim qürur mənbəyimiz və hər daim etdiyimiz duaların müstəcab olduğuna görə Rəbbimizə şükrümüzdür”.

Diqqətə çatdırılıb ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Ramazan bayramı martın 30-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Qeyd olunub ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib.

Seçilən
23
3
azertag.az

4Mənbələr