“Şəriət qanunu olduğu halda Qərb demokratiyasına ehtiyac yoxdur”.
Hafta.az-ın yazdığına görə, bu sözləri Əfqanıstanda “Taliban” hakimiyyətinin lideri Hibətullah Axundzadə Ramazan bayramı münasibətilə Qəndəhardakı Eydgah məscidində etdiyi xütbədə deyib.
Axundzadənin mesajının 50 dəqiqəlik səs yazısı İslam Əmirliyinin sözçülərindən olan Zəbihullah Mücahid tərəfindən sosial şəbəkədə yayımlanıb.
"Qərbdən gələn qanun və qaydalara ehtiyac yoxdur. Biz İslam qanunlarını tətbiq edəcəyik", - deyən Axundzadə İslam şəriətinin həyata keçirilməsinin vacibliyindən danışıb.
Əfqanıstandakı İslam Əmirliyi rəhbərliyi ölkədə İslam şəriətinin tətbiqi onun bir çox beynəlxalq qurumlardan kənarda qalmasına səbəb olub. Üstəlik, diplomatik münasibətlərin qurulmasına baxmayaraq, heç bir ölkə, o cümlədən müsəlman ölkələri Əfqanıstandakı mövcud administrasiyanı rəsmən tanımayıb.
Bununla belə, İslam Əmirliyi administrasiyasının rəsmiləri bir çox əvvəlki bəyanatlarında İslam şəriətində güzəştə getməyəcəklərini bəyan ediblər.
Axundzadə Qərbi tənqid edərək, “kafirlərin müsəlmanlara qarşı birləşdiyini” bildirərək, İsrailin Qəzzada törətdiyi qırğınlara toxunub, ABŞ və digər Qərb ölkələrinin İslama qarşı düşmənçilikdə birləşdiyini vurğulayıb.
Əfqanıstanda demokratiyanın sona çatdığını və şəriətin qüvvədə olduğunu deyən Axundzadə əlavə edib ki, “demokratiya tərəfdarları xalqla İslam Əmirliyi administrasiyası arasında parçalanma toxumu səpməyə çalışırlar”.