Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla sərhəddə yenidən təcribatlara əl atır, ordumuzun mövqelərini tez-tez atıcı silahlardan atəşə tuturlar.
Ermənistanın belə təxribatlara əl atmasında məqsədi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirdi ki, Ermənistanla sülh imzalansa da, onlar heç vaxt öhdəliklərini yerinə yetirmirlər:
"Nə Çar Rusiyası dövründə, nə bolşevik Rusiyası dövründə, nə də 1988-ci ildən razılaşmalar əldə edilən zaman ermənilər öhdəliklərini yerinə yetirməyiblər. 1994-cü ilin may ayında atəşkəs imzalanıb, amma heç vaxt vəzifələrini həyata keçirməyiblər. BMT Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirməyiblər. Onların anladığı bir dil var, hərbi dil, onları ancaq Azərbaycan əsgəri silahla başa sala bilər. Diplomatların dilində anlamırlar".
Hərbi ekspertin sözlərinə görə, ermənilərin son dövrlər atəşkəsi pozmasının bir neçə səbəbi var.
"İlk olaraq, müstəqil dövlət deyillər. Əvvəl Rusiyadan asılı idilər, indi Amerikadan asılıdılar. Paşinyan müharibə ab-havası yaratmaqla daxildə əhalini qorxutmağa çalışır. Reallığa gəldikdə, Ermənistanın müharibə aparmaq fikri yoxdur. Azərbaycan ordusu 2020-ci ildəki 44 günlük müharibəsindən sonra daha da güclənib. Yeni komanda hərbi hissələr yaradılıb, təlimlər keçirilib. Azərbaycanın səbri sonsuza kimi deyil. Bu dəfə Ermənistan öhdəlikləri yerinə yetirməsə, daha ağır cəza alacaq" - deyə E.Həsənli bildirdi.
Aytəkin TOFİQQIZI