Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları arasında 27 mart - Azərbaycan Respublikasında "Elm günü"nə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib
Müsabiqə Komissiyasının qərarına əsasən, təbiət-dəqiq və texnika elm sahələri üzrə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (TİİMM) Ekoloji kimya və ətraf mühitin qorunması elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Kamran Mahmudov I, TİİMM-in Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərov II, BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev III yerə, BDU-nun Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının baş müəllimi Ofeliya Balayeva həvəsləndirici mükafata, humanitar və ictimai elmlər üzrə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müdiri Fərid Babayev I yerə layiq görülüblər.
Bildirilib ki, BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə beş ildir keçirilir. Müsabiqənin məqsədi il ərzində fəal elmi tədqiqat apararaq yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU əməkdaşlarının mükafatlandırılmasıdır.
Qeyd edək ki, I yerin sahibi 2500 manat və diplom, II yerin sahibi 1500 manat və diplom, III yerin sahibi isə 1000 manat və diplom mükafatı alıb.