AZ

Rusiya Ermənistan-Azərbaycan sərhədlərində gərginlik yarada bilərmi? – AÇIQLAMA

“Rusiya öz qapılarını heç vaxt Ermənistana bağlamayıb. Baş verən gərginliklərin yaranmasına səbəb isə baş nazir Nikol Paşinyanın Qərbyönümlü siyasət aparması və Qarabağ məsələləri ilə əlaqədardır”.

Yenicag.az-a açıqlamasında bu fikirləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl söyləyib.

 

O, Rusiya XİN-in rəhbəri Sergey Lavrovun Ermənistan-KTMT münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərə toxunub.

Məsələyə münasibət bildirən İ. İsmayıl isə düşünür ki, Rusiya xarici işlər nazirinin sözlərinə görə, Ermənistanın haqsız bir iddiası var ki, 2020-ci il müharibəsində KTMT İrəvana kömək etmədi.
“Lavrov da bunu onunla əsaslandırmaq istəyir ki, delimitasiya və demarkasiya işləri olmadığı üçün Ermənistanın sərhədlərinin dəqiqliyi yoxdur. O deyir ki, İrəvan delimitasiya-demarkasiya işlərini görsün, daha sonra, əgər Ermənistana müdaxilə olarsa, onda KTMT proseslərə qarışa bilər. Bu açıqlama həm də Moskvanın İrəvana qapılarını açıq saxlamasıdır ki, biz KTMT üzvüyük və bir yerdəyik”, – deyə ekspert bildirib.

“İndi sual oluna bilər ki, Rusiya-Ermənistan münasibətləri yaxşılaşsa, Moskva Azərbaycana təzyiq göstərəcəkmi? Onu deyim ki, Azərbaycana ərazi baxımından təzyiq göstərmək artıq qeyri-mümkündür. Çünki Rusiyanın Qarabağdakı silahlı qüvvələri artıq bölgədən çıxıb. Əgər Rusiya Ermənistan-Azərbaycan sərhədlərində gərginlik yaratsa, eləcə də bizimlə iqtisadi əməkdaşlığı aşağı salsa, bu, Rusiyanın özünə ziyandır. Çünki sanksiyalara məruz qalan Rusiyanın Avropaya yeganə çıxışı faktiki olaraq Cənubi Qafqaz – Azərbaycandır. Onun üçün də Rusiya Ermənistana görə Azərbaycanla münasibətlərini korlamayacaq”, – deyə o, əlavə edib.

“Burada müəmmalı məsələ Ermənistanın Rusiya ilə münasibətlərini yaxşılaşdırıb-yaxşılaşdırmayacağıdır. Moskva çalışır ki, münasibətlər yaxşılaşsın, lakin İrəvana istəyir ki, Azərbaycana pislik və təzyiq etməklə münasibətlər düzəlsin. Bu isə Türkiyə faktorunu nəzərə alsaq, indiki şəraitdə Rusiyanın maraqlarına xidmət etmir”, – ekspert fikirlərini tamamlayıb.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın hələ də Ermənistanı özünə müttəfiq saydığını deyib.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla