AZ

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Bakı, 27 aprel, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin yeni qurulan ekspozisiyasında Vətən müharibəsi fondunun materialları nümayiş olunur.

Bu barədə AZƏRTAC-a Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov məlumat verib. O bildirib ki, yeni elmi ekspozisiyada Birinci Qarabağ müharibəsinə, Aprel döyüşlərinə, Tovuz döyüşlərinə, 44 günlük Vətən müharibəsinə aid materiallar, ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçmiş Vətən övladlarına, qazilərə məxsus müxtəlif əşyalar yer alıb. Onların arasında Azərbaycanın Milli qəhrəmanları Allahverdi Bağırov, Çingiz Qurbanov, Polad Həşimov, İlqar Mirzəyevə məxsus materiallar da diqqəti cəlb edir.

Ekspozisiyada Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin 2021-ci ildə “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulara məxsus şəxsi materiallar da nümayiş olunur.

Burada xüsusi vitrində işğaldan azad olunmuş ərazilərdə ANAMA tərəfindən tapılmış və muzeyə verilmiş partlamış döyüş sursatları və minalar yer alıb.

Ümumilikdə, ekspozisiyada Vətən müharibəsi fondunun 7 vitrində 150-dən çox eksponatı təqdim edilir.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla