AZ

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Bakı, 27 aprel, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr edilmiş tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev çıxışında Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yoluna bir neçə istiqamətdə nəzərə salınacağını bildirib.

Universitetin rektoru Anar Nağıyev çıxışında akademik Zərifə Əliyevanın Azərbaycan elmində, ictimai-siyasi həyatında müstəsna yerə sahib olduğunu qeyd edib. Rektor akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində peşəkar mütəxəssis kimi təkcə Azərbaycanda deyil, dünya səviyyəsində tanındığını bildirib. O, oftalmoloq-alim Zərifə Əliyevanın insanlıq üçün dəyərlər yaratmağı bacarmış, bu dəyərləri formalaşdırmış, həmin dəyərlər üzərində cəmiyyətin inkişafına öz töhfələrini vermiş şəxs olaraq Azərbaycan cəmiyyətinin böyük ictimai şəxsi kimi öyrənməyin vacibliyindən söz açıb. Rektor müasir Azərbaycan dövlətinin qurucusu missiyasını uğurla həyata keçirən Ulu Öndərin həyat yoldaşı kimi rolunun hər kəs üçün nümunə olduğunu deyib, akademik Zərifə Əliyevanın zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və fəaliyyətinin gənc nəsil arasında təbliğ edilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə “Həyat adlı sınağa sinə gərən zərif qadın”, “Ömrün nur payı”, “Diaqnostika və müalicə üzrə görkəmli alim və oftalmoloq”, “Zərifə Əliyeva – yüksək idealları özündə birləşdirən qadın” mövzularında məruzələr dinlənilib. Məruzələrdə Akademik Zərifə Əliyevanın zəngin irsindən, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan, görkəmli alimin mənalı ömür yolundan bəhs olunub. Nümunəvi ömür-gün yoldaşı olan Zərifə Əliyevanın görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olduğu qeyd edilib. Zərifə Əliyevanın yaddaşlarda işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı kimi canlandığı vurğulanıb.

Tədbirdə, həmçinin Təhsil fakültəsinin tələbələri İranə Şükürova “Ana” şeirini, Lamiyə Həsənzadə və Nəzrin Vəlizadə isə “Zərifə xanım” şeirini səsləndiriblər.

Seçilən
32
3
Mənbələr
Şərh ()
Bağla