AZ

"Qalatasaray" rəsmisi "FutbolPress"ə danışdı: "Gələcəkdə belə şeylər ola bilər"

"Qalatasaray"ın İdarə Heyətinin üzvü Emin İmanov Bakıya gəlib. Funksioner "FutbolPress"ə açıqlamasında səfərin məqsədi ilə bağlı fikirlərini bölüşdü:

"Həm şəxsi işlərim, həm də müəyyən layihə üçün gəlmişəm. Bilirsiniz ki, bir müddətdir "Qalatasaray" idman məktəblərinin Bakıda açılması layihəsinin üzərində işləyirdik. İndi bunu həyata keçirməkçün gəlmişik. "Qalatasaray" tək futbol deyil, böyük idman klubudur. Müxtəlif idman növləri üzrə hazırlıqlar olacaq. Məqsədimiz yaxşı uşaqlar yetişdirməkdir. İlk olaraq işlər Bakıda olacaq, qarşıdakı zamanda isə düşünürəm, rayonlarda da məktəblərimiz açıqlacaq".

İmanov idman məktəbi ilə yanaşı, "Qalatasaray"ın rəsmi mağazasının da açılmasının vacibliyini qeyd etdi:

"Qalatasaray"ın bir çox ölkələrdə rəsmi mağazası "Galatasaray Store"lar fəaliyyət göstərir. Bakıda da bir neçə filian açılmasını düşünürük".

Bir müddət əvvəl "Qarabağ"ın futbolçusu Toral Bayramovun adı "Qalatasaray"la hallanırdı. Klub rəsmisinin Bakıya gəlişi yenidən transfer xəbərlərini gündəmə gətirə bilər. İmanov azərbaycanlı futbolçuların "Qalatasaray"da oynamaq potensialından danışdı:

"Futbolda hər şey mümkündür. Düşünürəm ki, gələcəkdə "Qalatasaray"da azərbaycanlı futbolçular oynayacaqlar. Həm də, Türkiyədə bir nəfər azərbaycanlı oyunçu heyətdə olarsa, legioner sayılmır. Bu da əlavə üstünlükdür. Buna görə düşünürəm ki, gələcəkdə belə şeylər ola bilər. Ancaq mən Bakıya transfer yox, idman məktəbləri layihəsi üçün gəlmişəm".

Şahin Cəfərov
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla