AZ

Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır -AÇIQLAMA

Hazırda Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu uğurlar siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə özünü açıq şəkildə büruzə verir. Görünən odur ki, Vətən müharibəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması Azərbaycanı dünyada qalib dövlət kimi tanıdıb. Azərbaycanın müstəqil bir dövlət kimi regionda və bölgədə etbarlı strateji tərəfdaş kimi qəbul olunması günümüzün reallığıdır.  Bütün bunlar ölkəmizin hər bir dövlətlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursunu həyata keçirməsinin məntiqi nəticəsidir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm, inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də, regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Ümumilikdə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi, çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov "İki sahil"ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycanla Avropa İttifaqı ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində qarşılıqlı səfərlərin və imzalanan yeni müqavilələrin də böyük rolu var.  Almaniya ilə Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan rasional münasibət sərgiləyən iki tərəfdaş ölkədir. Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə getmişdir. Berlində iqlim dəyişiklikləri ilə bağlı keçirilən 15-ci Petersberq İqlim Dialoqu" Almanya və Azərbaycan arasında daha da sıx iqsadi-siyasi əlaqələrin qurulmasına şərait yaradacaq. 

Deputat diqqətə çatdırıb ki, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür. Azərbaycan dünya dövlətləri ilə ikitərəfli münasibətləri əhəmiyyətli hesab edir. Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində Almaniyada mətbuat konfransında çıxışında bildirib ki,  2027-ci ilin sonuna qədər 9 Günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və Günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir. Biz indi Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. Təbii qaza gəldikdə, Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Bizim Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. 2027-ci ilə qədər biz Avropaya ixrac edəcəyimiz qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik. Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbat artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu rəqəm 12 milyarda çatıb. Biz əlavə sərmayə qoyuruq, əlavə vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək. Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır. 
Daha sonra regional təhlükəsizlik məsələsinə toxunan dövlətimizin başçısı qeyd edib ki, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk.

K.Bayramov vurğulayıb ki, Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.  Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən, Avropa İttifaqı üçün adi hala çevrilib. 

K.Bayramov əlavə edib ki, Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. İki ölkə arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib, ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. İki ölkə arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib, ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər. Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Almaniyanın “Berlin Wind” şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb. Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, Azərbaycanla Almaniya arasında iqtisadi sahədə münasibətlər daha da inkişaf edərək yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
58
50
Mənbələr
Şərh ()
Bağla