AZ

“Hətta AFFA-nın mümkün islahatına belə çox cüzi ümid bəsləyirik”

Elitadan düşməyin astanasında olan “Qəbələ” cari mövsümdə sonuncu şansı olan kubokun yarımfinalında “Zirə” səddini keçə bilmədi.

Səfərdə minimal hesabla uduzan “qırmızı-qaralar” evdəki cavab görüşündə müəyyən mənada avantaj sahibi idi. Amma gözləntilər doğrultmadı. “Doğma divarlar” amilini unudan bölgə təmsilçisi nəinki qələqə qazana, heç rəqib qapısına yol da tapa bilmədi. Maraqlıdı, görəsən,komandada nə çatışmır? Artıq futbolçuların taleyi ilə barışdığını demək mümkündümü? Bu suallara cavab tapmaq üçün klubun idman direktoru Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Eyni zamanda təcrübəli futbol adamından hazırda klubun yeganə ümid yerinin AFFA-nın mümkün qərarı olduğunu, yoxsa hələ də cüzi şansın arxasınca düşdüklərini soruşduq:
“Qəbələ” ilk oyunda döyüşkən komanda təsiri bağışlamışdı. 0:2 geriyə düşəndən sonra vacib olan 1 qolu vurmuşduq. Bu qol cavab görüşü üçün bizi ümidləndirmişdi. Ancaq cavab qarşılaşmasında komandada lazımi aqressivlik yox idi. Meydanda rəqibə təslim olmuş komanda gördük. Sanki vuruşmağa hazır düşüncədə deyildik və çoxlu fərdi səhvlər buraxdıq. Əslində burdakı səbəbləri özümüz araşdırırıq. Orda elə səhvlər var ki, səbəbini futbolçularla müzakirə edəcəyik, elə səhvlər də var ki, özümüzdə qalacaq. Artıq çox danışmağın mənası yoxdu. Hansısa səbəbi dedikdə kimisə ittiham etmiş olacağıq. Mən isə bunu istəmirəm. Yəni hamının səhvi var. İnanıram ki, futbolçular da gecə yatarkən səhvlər barədə düşünür. Burda elə vəziyyətdi ki, hər kəs səhvindən nəticə çıxarmağa çalışmalıdı. Doğrusu, çox kiçik ümidlərimiz var. Hətta AFFA-nın mümkün islahatına belə çox cüzi ümid bəsləyirik. İşlərin bu yerə gəlib çıxmasını heç istəməzdik. Amma neyləmək olar, artıq bu duruma düşmüşük. İnanıram ki, mən də komandaya gəldiyim müddətdə əlimdən gələnin ən yaxşısını etdim. Lakin təəssüf ki, komandanı düşdüyü çətin vəziyyətdən çıxarmaq mümkün olmadı. Çox səbəblər var. Ancaq indi mətbuatda bunları sadalamaq düzgün olmaz. Sadəcə, hər kəs öz məsuliyyətini özü başa düşməlidi. Çünki komandada heç kim uşaq deyil. Heç olmasa, növbəti oyunlarda komandanın bu yerə düşməsinin təsadüf olduğunu sübut etməlidilər”.


KAMAL SƏFƏR
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla