AZ

"Orta məktəblərdə uşaqlarda futbola həvəs daha çoxdur" 

style='margin-bottom:10px;'>

Medianın İnkişafı Agentliyinin layihəsi

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 61 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Elnur Xəlilovdur.

- Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətlərini necə qiymətləndirirsiniz?

- Orta məktəblərdə fiziki tərbiyə fənnini yüksək qiymətləndirirəm. Ona görə ki, orta məktəblərdə idman müəllimlərimiz öz işini sevir və bu işini sevdiyi üçün şagirdləri idman sahəsinə sevdirməyə çalışır. Ona görə də uşaqlar idman dərslərində sıxılmır. Şagirdlərimizdə idman sahəsinə həvəs günü-gündən artır. İdmançılarımız üçrəngli bayrağımızı idman arenalarında dalğalandırır. Bu da şagirdlərimizdə bir növ motivasiya yaradır. Ona görə bu sevinc, həvəs onlarda daima artır. Hər bir idman müəllimi də öz işini layiqincə yerinə yetirir. 

-İdman müəllimləri dərsləri necə aparırlar?

- Orta məktəblərdə idman müəllimləri dərsləri illik proqram materialı əsasında keçirlər. Bu proqramda qaçış, qüvvə qabiliyyəti, yəni uşaqların ümumi fizioloji göstəricilərin daha yaxşı inkişaf etməsi üçün proqram var. Buna uyğun hər cür idman ləvazimatları, idman qurğuları da var. Bunlarla praktiki cəhətdən idman sahəsini uşaqlara sevdirmək üçün hər bir idman müəllimi əlindən gələninin daha yaxşısını edir ki, uşaqların fizioloji göstəriciləri daha yaxşı olsun və onların idman sahəsinə həvəsi daha da artsın.

- Uşaqları əyləndirmək üçün, dərsləri daha maraqlı etmək üçün hansı atdımlar atılır?

- İdman müəllimləri orta məktəblərdə uşaqların idmana həvəsini artırmaq üçün kiçik qruplarla oyunlar təşkil edirlər. Bu uşaqlarda bir növ motivasiya yaradır. Turnirlər keçirilir. Bu cür yarışlar, kiçik qruplu oyunlar və ya məşqlər şagirdlərimizdə həqiqətəndə motivasiya yaradır və onların idman sahəsinə marağını daha da artırır. 

- Ümumilikdə orta məktəblərdə idman zalların, meydançaların durumu qənaətbəxşdirmi?

- Orta məktəblərdə idman zalları yaxşı vəziyyətdədir və daha da yaxşı olmağa çalışır. Cənab prezidentin göstərişi ilə yeni orta məktəblər tikilir. Köhnə məktəblər yeni müasir məktəblərlə əvəz olunur. Müasir tikilmiş məktəblərdə də zallar yüksək səviyyədədir. İdman qurğuları da yüksək səviyyədədir. İnfrastuktur yüksək səviyyədə olduqda idman müəllimlərin işi də daha keyfiyyətli alınır. Ona görə ki, idman ləvazimatları olan yerdə, zal yüksək səviyyədə olanda hər bir müəllim də işini layiqincə yerinə yetirə bilir. Ümimilikdə isə Azərbaycanda idman zalları yüksək səviyyədədir. 

- Uşaqlar hansı yarışlara gedir?

- Məktəblər arası turnirlər təşkil olunur, fərqli idman sahələrində çempionatlar keçirilir. Bunlardan futbol, voleybol, şahmat , badminton və digər idman növləri üzrə çempionatlar təşkil olunur, şagirdlər zövqlə, həvəslə turnirlərə qoşulur. Bu cür turnirlərin təşkil olunması həm məktəbin timsalında məktəbin uğrudur, həm idman müəllimi öz tədrisini keçdiyi zaman bu yarışlarda uğrunu üzə çıxarır.  Çətin məşqlərin, dərslərin bəhrəsidir ki, turnirlər təşkil olunur və nailiyyətlər qazanılır.

- Orta məktəblərdə uşaqlar və yeniyetmələr arasında fiziki tərbiyəyə maraq hansı səviyyədədir?

- İdman məktəblərində savadlı müəllimlərimiz var. Hər bir idman müəllimin də öz sahəsi var. Kimsə futbol üzrə mütəxəssisdir, kimsə atletika üzrə mütəxəssisdir və s. Hər bir idman müəllimin öz işini sevərək layiqincə yerinə yetirdikdə bu yeniyetmələrə və aşağı yaş şagirdlərə idman sevdirməkdə daha yaxşı nümunə göstərir. Özünün sahəsini sevərək şagirdlərə keçdikdə, uşaqlarda bu həvəs daha da çoxalır. 

- İstedadlı uşaqlar daha çox hansı idman növünə maraq göstərir?

- Orta məktəblərdə idman müəllimləri tədrisi keçən zaman istedadlı uşaqları görür və üzə çıxarır. Hər bir idman müəllimi öz sahəsinin mütəxəssisidir. Məsələn, futbol müəllimi öz sahəsinin mütəxəssisidir. Ordan futbol sahəsində istedadlı olan uşaqları digər klublara yönəldir, uşaqlar peşəkar klublarda oynayır. Öz idman səviyyəsini daha da mükəmməl etməyə çalışır və təkmilləşir. Orta məktəblərdə statistikaya baxanda uşaqlarda futbola həvəs daha çoxdur. 

- Uşaqlar arasında idman səviyyəsini artırmaq üçün hansı atdımlar lazımdır?

- Bunun üçün birinci növbədə rayonlar üzrə turnirlər keçirilməlidir. O zaman şagirdlərdə motivasiya yaranacaq. Əlavə olaraq turnirlərdə istedadlı uşaqları seçmək daha rahatdır. Bu da idman sahəsinin müxtəlif növlərində inkişafa meyli olacaq, daha da təkmilləşəcək. Uşaqların idmana marağı daha da artacaq. Onların idman keyfiyyətləri daha da yaxşı olacaq, özünü bir sınaq, imtahan kimi turnirlərdə iştirak edərək özlərini təkmilləşdirəcəklər. Turnirlər daha çox olsa, uşaqların da idmana həvəsi daha çox artar. 

- Uşaqları pis vərdişlərdən uzaqlaşdırmaq üçün nə etmək lazımdır?

- Şagirdlərimiz pis vərdişlərdən uzaq olması üçün dərsdən sonra idman məşğələləri daha çox olmalıdır. Onlar daha çox olsa uşaqlar məktəbdən sonra idmanla məşqul olar və pis vərdişlərdən uzaq olarlar. Necə deyəllər, sağlam bədəndə, sağlam ruh olar. Həm də pis vərdişlərə vaxtı da az olar. Ona görə məktəbdən sonra idman məşğələlərin saatı daha çox olsa daha yaxşı effekt göstərər ki, şagirdlərimiz pis vərdişlərə meyl göstərməzlər. 

- Şagirdlərlə hansı söhbətləri aparırsınız?

- Uşaqlarla idman dərslərində fərdi söhbətlər aparırıq. Hər hansı bir idman növünü sevdirmək üçün, əgər uşaqda o idman sahəsinə istedad görürüksə, o idman sahəsinin prezentasiyası olunur məktəbdə. Şagird əyani şəkildə auditoriyada prezentasiyaya baxır, idman sahəsində olan uğurlara baxır. Bunlara baxaraq uşaqlar hansı sahədə istedadlıdırsa, öz idman keyfiyyətləri yaxşıdırsa onu məsləhət bilirik. Biri var əyani şəkildə deyəsən bu idman sahəsi yaxşıdır, bura getsən yaxşıdır. Uşaq bunu qədər də başa düşməz. Amma hər hansısa uşaqda hansısa idman sahəsinə istedadı görürüksə, həmin idman sahəsini təqdimat edərək şagird həm praktiki şəkildə onu görür, həm də təqdimat şəkilində uşaqda artıq həmin idman sahəsi gözündə canlanır. Ona görə təqdimatlar həm sevdirməkdə, həm də motivasiya yaranmasında bir sövq edir. 

- Uşaqların idman növünə marağı ilə bağlı valideynlərlə söhbət aparırsınızmı?

- Uşaqda hər hansı bir idman növünə istedad gördükdə, ilk öncə valideynlə danışırıq ki, bu uşaqın hər hansı idman növünə lazımi keyfiyyətləri var. Ola bilər valideyn o istedadı görməsin, amma idman müəllimləri o istedadı görür. Valideyni ilə söhbət edərək, uşağın idmana meyli artması üçün razılığa gəlirik və lazımlı idman növlərinə yönləndirə bilirik. Ancaq bir problem də var ki, bəzən valideynlər uşaqları öz marağı olduğu idman növünə qoyurlar. Bu hallarda uşaq valideyn istədiyi idman növündə uğurlar əldə edə bilmir. Bunun qarşısını almaq üçün biz də valideynlərlə danışırıq ki, uşağın, məsələn, futbola həvəsi varsa, orada nailiyyətlər əldə edə bilər, cüdoda yox.

Cavad Musayev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Seçilən
40
50
Mənbələr
Şərh ()
Bağla