AZ

Rentgen şüaları necə kəşf olundu?

1895-ci ilin soyuq noyabr gecəsində laboratoriyasında işləyən Vilhelm Konrad Rentgen (Wilhelm Conrad Röntgen) nəinki tibb sahəsində, hətta kosmos tədqiqatlarında da inqilabi bir araşdırmaya başladığını bilmirdi. Onun əsas məqsədi boş şüşə borunun içərisinə qoyduğu müxtəlif hissələrə elektrik cərəyanının təsirini müşahidə etmək idi. Lakin təbiət qanunları ona həm özünün, həm də bəşəriyyətin taleyini dəyişdirəcək təsadüfi bir kəşf etməyə imkan verdi. Daha sonra alimin soyadı ilə adlandırılacaq rentgen şualarının doğulması bu qaranlıq laboratoriyada təsadüfən ortaya çıxdı.

1845-ci ilin 27 martında Almaniyada anadan olmuş, fizika və maşınqayırma sahələrində çalışmış, uzun illər müxtəlif universitetlərdə dərs demiş professor Vilhelm Konrad Rentgen apardığı təcrübə zamanı elektron hissəciklərinin sınaq borusunun şüşəsinə dəyərək “floresan” adlanan parlamalara səbəb olduğunu görür. Maraqlanan alim eksperimentini bir az dəyişərək şüşə borunun üstünü qara kartonla örtür və işığın keçiriciliyini başa düşmək üçün otağı tamamilə qaraldır. İkinci təcrübə zamanı Rentgen sınaq borusundan 2 metr aralıda radioaktiv barium materialı ilə örtülmüş kağız üzərində parıltı görür. Təcrübəni dəfələrlə təkrarlayan fizik hər dəfə eyni nəticə ilə üzləşir. Beləliklə, Rentgen tutqun səthdən keçə bilən yeni bir şüa tapır və ixtirasına “X-Ray” adını verir.

Yeni eksperimentinin nəticələrini böyük həyəcanla 23 illik həyat yoldaşı Anna Berta ilə paylaşan Vilhelm Konrad Rentgen elə onun köməyilə ilk insan təcrübəsini edir. Anna əlini radioaktiv maddə ilə floresan lövhənin arasına qoyur, 15 dəqiqə tərpənmədən gözləyir və nəhayət, onun əl sümüklərinin ağ-qara fotoşəkli ortaya çıxır.

Vilhelm Konrad Rentgen bu ixtiradan sonra müxtəlif qalınlıqdakı materialların işığı müxtəlif intensivliklərdə ötürdüyünü müşahidə etdi. Təxminən bir ay sonra - 28 dekabr 1895-ci ildə yeni ixtirasını ictimaiyyətə açıqlayan Rentgen milyonlarla dollar dəyərində olan ixtirasını patentləşdirmək istəmədi, dedi ki, bu, bütün insanlar üçün pulsuz olmalıdır. Arvadının miras yolu ilə əldə etdiyi sərvət də bu qərarda təsirli rol oynayırdı. Bununla belə 1901-ci ildə Fizika üzrə Nobel Mükafatı alan Vilhelm Konrad Rentgen Birinci Dünya Müharibəsindən sonra Almaniyada hiperinflyasiya dövründə son illərini yoxsulluq içində keçirdi.

Avropa xəstəxanalarında qısa zamanda fiksator halına gələn rentgen cihazları tibb sahəsində sürətli və yeni müalicə üsullarına qapı açdı. Həkimlər o gündən bu günə xəstələrinə rentgen şüaları ilə diaqnoz qoyur və müalicə edirlər.

Alimlərin çoxu Vilhelm Konrad Rentgenin kəşfini müasir fizikanın başlanğıcı hesab edir.

Rentgen şuaları kompüter tomoqrafiyası, ultrasəs və maqnit rezonans kimi görüntüləmə cihazlarının ixtiralarına səbəb olub.

Vilhelm Konrad Rentgen tərəfindən kəşf edilən rentgen şüaları tibbin hüdudlarından kənara yayılıb və kosmos tədqiqatlarında belə dəyərli məlumatların qazanılmasını təmin edir.

Rentgen şüaları ultrabənövşəyidən daha yüksək enerjiyə və daha qısa dalğa uzunluğuna malik olduğundan kosmosun dərin fəzasında, xüsusən də Günəşdə ulduzların, qara dəliklərin və qalaktikaların müşahidələrində elmə saysız-hesabsız faydalar gətirdi və gətirir.

Seçilən
6
1
Mənbələr
Şərh ()
Bağla