AZ

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

Yardımsevərliyi ilk olaraq ailə mühitində görür. Elə uşaq yaşlarından xeyriyyə məqsədli arzuları yaranır. Tələbəlik illərində, iş həyatında xeyriyyə işlərində könüllü fəaliyyətini davam etdirir. “Kapital Bank”a gəldiyində isə xeyriyyə məqsədli fəaliyyətlər üçün könüllü komandanın yaradılması təşəbbüsünü irəli sürür. Bu təşəbbüsü gözlədiyindən çox inkişaf edir və müstəqil fond halına gəlir.

Söhbət Prezident İlham Əliyevin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif etdiyi xanımlardan biri Sevda Haqverdiyevadan gedir. Sevda xanım hazırda “Kapital Bank”ın Daxili Kommunikasiya şöbəsinin müdiri və “Qırmızı Ürəklər” Fondunun prezidentidir.

Qeyd edək ki, Sevda Haqverdiyeva 9 aprel 1977-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini 1984-1994-cü illər ərzində 53 saylı tam orta məktəbdə alıb. Bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində başa vurub. Ali təhsilini qırmızı diplomla bitirib.

- Sevda xanım, riyazi sahədə həm bakalavr, həm də magistr təhsili almısınız. Riyaziyyat məktəbdə ən sevdiyiniz fənn idi?

- Məktəbdə oxuyanda əlaçı idim. Bütün fənləri sevirdim. Xüsusilə riyaziyyat, fizika, rus dili, ədəbiyyat, coğrafiyanı daha çox oxuyurdum. Bunun səbəblərindən biri o idi ki, müəllimləri çox istəyirdim və fənlərini sevərək oxuyurdum. Zənnimcə, uşaqlarda hər hansı fənnə olan sevgi həmin fənn üzrə onun müəlliminin necə olmasına çox bağlıdır. Məsələn, fizikadan bütün “Yoxlama işi”ni mən 15-20 dəqiqəyə bitirib müəllimə təhvil verirdim. Müəllim bilirdi ki, tez yazacam. 

Yazandan sonra sinif yoldaşlarıma mane olmamağım üçün həmişə 3 variant test saxlayardı və mən bir dərsdə 2 test təhvil verib iki qiymət alardım. Həmişə də “5” olardı (Gülür). Ümumiyyətlə, kimyadan başqa bütün fənləri sevirdim. İxtisas seçiminə gəlincə isə, həkim olmaq istəyirdim.

- Həkim olmaq istəyinizin səbəbi var idi?

- Mən 6 yaşıma qədər Tovuzda nənə-babamla yaşamışam. Valideynlərim Bakıda idilər. Ona görə nənə-babaya məndə xüsusi bağlılıq var idi. Böyüyəndə həkim olub elə bir dərman icad etmək istəyirdim ki, insanlar çox yaşaya bilsinlər.

- Bəs necə oldu ki, riyazi sahədə təhsil aldınız?

- Mən universitetə 1994-cü ildə qəbul olmuşam. Test üsulu ilə qəbulun 3-cü ili idi. Yaxşı bal yığmışdım, amma Tibb Universitetinin ödənişsiz deyil, ödənişli fakültəsinə qəbul ola bilirdim. Sadəcə sıralamada bir az yanlışlıq etmişdim və balım riyaziyyatın ödənişsizinə düşdü deyə, avtomatik riyaziyyata qəbul oldum. Yəni, sıralamadakı yanlışlığa görə, tibbə qəbul ola bilmədim. Həmin il riyaziyyat fakültəsində 60 nəfərlik kursda 51 qız tələbə var idi, hamısı mənim kimi Tibb Universiteti əvəzinə riyaziyyata qəbul olmuşdu.

- Riyaziyyat üzrə təhsil alarkən karyera ilə bağlı planlarınız nələr idi?

- Universitet vaxtı fəal idim və öz üzərimdə işləyirdim, aldığım dərslərdən kənar ingilis dili və kompüter kursuna gedirdim. Bakalavrı bitirdim, magistraturaya qəbul oldum və elə həmin il - 1998-ci ilin noyabrında “Union taxes Azerbaijan Services” neft şirkətində işə düzəldim. 4 ay sonra dünyada böhran başladı və həmin şirkət Azərbaycanda bağlandı.

- Bəs nə etdiniz?

- Magistr təhsilimə davam etdim.

- İlk iş yerinin 4 ay sonra bağlanması necə hiss idi?

- İşimi itirmək stresini yaşadım (gülür). O vaxt indiki qədər iş yeri seçimi yox idi. Xarici şirkət idi, çox böyük həvəslə başlamışdım. Ona görə böyük xəyal qırıqlığı yaşadım. 2000-ci ildə “Azercell”dən iş təklifi gəldi. O vaxt heç mobil telefonum yox idi və şirkət haqqında məlumatım az idi. Yadımdadır, həmin təklifi “Bir az işləyib, sonra xarici şirkətlərə müraciət edərəm” fikri ilə qəbul etmişdim. Amma 2-3 il sonra neft sənayesindən iş təklifi gəlməsinə baxmayaraq, “Azercell”i tərk etmədim. Çünki olduğum yerdən çox məmnun idim.

- “Azercell”də ilk işiniz çağrı mərkəzində olub...

- Bəli, zamanla artıq vəzifə dəyişikliyi getdi. 2004-cü ildə “Azercell”də akademiya yaradılmışdı, akademiyanın ilk təlimçilərindən biri də mən idim. Biz Ukrayna, Moldova, Özbəkistan, Tacikistan və s. ölkələrdə təlim verirdik. 2010-cu ilə qədər təlim mərkəzində çalışdım.

- Çağrı mərkəzində işləmək sizə nə öyrətdi?

- “Azercell” böyük məktəb idi. Orda çox şey öyrəndim. Birincisi, çağrı mərkəzi əməkdaşlarına türk şirkətləri tərəfindən təlimlər keçirilirdi. O təlimlərdə müştərinin birinci yerdə olması öyrədilirdi. Bu cəhətdən çox şey öyrəndim. Eyni zamanda səbirlilik, empatiya qurmaq, insanları dinləmək qabiliyyəti öyrətdi. İndi bəzən əməkdaşlar mənə deyirlər ki, çox səbirlisiniz, mən olsaydım, səbrim çoxdan tükənmişdi.

- 2010-cu ildən sonra Özbəkistana köçməyiniz necə oldu?

- Yoldaşıma iş təklifi gəldi və biz Özbəkistana getməli olduq. Oğlum balaca olduğu üçün bir il karyeramda fasilə verdim, amma sonra orada “Ucell” mobil operatorunda İnsan resursları departamentində işə başladım. Daxili kommunikasiya və tədbirlərin keçirilməsinə cavabdeh idim.

- 10 ilə yaxın eyni şirkətdə çalışmaq komfort zonada olmaq deməkdir. Komfort zonadan çıxıb Özbəkistanda iş həyatına başlamaq çətin olmadı?

- “Azercell” təkcə iş yeri deyildi, hamımız üçün böyük ailə idi. Orada biz peşəkar olmağı öyrənməklə yanaşı, çoxlu dost qazandıq. Təbii ki sevdiyin iş yerində, vətənindən, ailə və dostlarından ayrılıb tam yeni bir ölkəyə köçüb yeni sahədə işləmək bir az çətin gəlirdi. İşə başlayanda ilk təşəbbüslərimdən biri daxildə “Ucell volunteers” (Ucell könüllüləri) komandası yaratmaq oldu. Biz əməkdaşlarla birlikdə şirkət daxilində xeyriyyə yarmarkaları keçirib, toplanan vəsaitləri uşaq evlərinə və veteranlara xərcləyirdik. Bu təcrübəni mən əvvəlki iş yerimdən görmüşdüm. “Azercell”də “Azercell könüllüləri” komandası var idi. Biz əməkdaşlarımızla birgə vəsaitlər toplayıb xəstə uşaqlara yardım edirdik, uşaq evlərini ziyarət edirdik. Mən həmin təcrübəni Özbəkistanda tətbiq etdim. Bu fəaliyyətim mənə bütün komandanı tanımağa köməklik etdi, onlarla əlaqəmi gücləndirdi. Ona görə adaptasiya problemi yaşamadım. 

- Azərbaycandakı təcrübənizlə orda uğurlu oldunuz. Bəs Özbəkistandan hansı təcrübə ilə döndünüz?

- “Ucell”də mən fərqli departamentlərdə (həm İnsan resursları, həm Korporativ kommunikasiyalar, həm Marketinq kommunikasiyaları) və fərqli ölkələrdən olan peşəkar rəhbərlərlə işlədim. Sevdiyim işin necə daha peşəkar görülməsi, prioritetlərin qoyulması, düzgün hədəflərin seçilməsi və s. kimi istiqamətlərdə orada böyük təcrübə qazandım. Xüsusilə KSM (Korporativ sosial məsuliyyət) istiqamətində ordakı rəhbərim Rodica Verbenuicin verdiyi istiqamət və məsləhətlər mənə fondun işlərini düzgün idarə etməkdə çox faydalı oldu.

- Özbəkistanda müəssisədaxili kommunikasiya sahəsinə yönəldiniz. Azərbaycana dönəndə hansı istiqamətdə çalışmaq planınız var idi?

- “Azercell”dəki işim dururdu. 2016-cı ilin sonlarında Azərbaycana dönəndə əvvəlki vəzifəmə qayıtdım. 2,5 il orda işlədim. Sonra “Kapital Bank”dan təklif gəldi. Özbəkistan təcrübəsi olmayan Sevda olsaydım, qətiyyətlə iş dəyişikliyinə “yox” deyərdim. Amma Özbəkistandakı təcrübəmdən sonra o təklifi rahatlıqla qəbul etdim. 

- “Kapital Bank”a gələndən sonra bank daxilində xeyriyyə məqsədli “Qırmızı Ürəklər Fondu”nu yaratmısınız. Xeyriyyə məqsədli işlərə maraq nə zaman yaranıb?

- İlk növbədə ailəmdə görmüşəm. Həm atam, həm də anam çox yardımsevərdilər və imkanları olanda dəstəklərini əsirgəmirlər. Amma lap uşaq ikən bir arzum var idi ki, böyüyəndə bir qocalar evi olsun və mən onu idarə edim, orada yaşayan bütün qocalar istədikləri qayğını alsınlar. 

Daha sonra tələbəlik illərində dostlarımla uşaq evlərinə gedib, balacalarla asudə vaxt keçirib, onlarla rəsm çəkib ingilis dili öyrədirdik. Sonradan “Azercell” və “Ucell”də könüllü fəaliyyətimi davam etdirdim. Və banka gələndə könüllü komandasının yaradılması təşəbbüsünü irəli sürdüm.

 - Fondun qurulmasına necə və hansı fəaliyyətlə başladınız?

- Təşəbbüs qrupu kimi yarananda, bizə 49 nəfər “Kapital Bank” əməkdaşı qoşuldu və onlardan biri Ağcabədidən idi. Onda ağlımda sual yarandı ki, tədbirlər Bakıda keçəcək, mən Ağcabədidən olan könüllünü bu tədbirlərə necə qata biləcəm? O zaman ağlıma da gələ bilməzdi ki, qısa zamanda biz bütün ölkə üzrə fəaliyyət göstərəcəyik və haqqımızda nəinki Azərbaycanda, hətta xaricdə belə danışacaqlar. Könüllülərlə görüşüb səs verərək biz 2 istiqamət seçdik. Onlardan biri kimsəsiz uşaqlar, digəri isə küçə heyvanları idi. 

Hər iki istiqamət üçün debet kartı açdım, vəsaitlər həmin kartlara toplanırdı və sonradan istiqamətlər üzrə xərclənirdi. Bütün xərclərin qeydiyyatı aparılırdı, hamısı sənədləşdirilirdi, şəffaflığı qorumaq üçün kommunikasiya edilirdi. 

İlk tədbirlərimizi 2020-ci ilin yanvarında uşaq sığınacaqlarında etdik, uşaqlara maraqlı master klasslar keçirdik və sonradan nə istədiklərini soruşduq ki, gələn dəfə istəklərinə əsasən nə isə təşkil edək. Oxumaq üçün bizdən kitablar istədilər. Bu, məni çox sevindirdi və mən işə çıxan kimi bank daxili kommunikasiya etdim və nəticədə 200-ə yaxın kitab yığıb həmin sığınacağa hədiyyə etdik. Sonra serebral iflicdən əziyyət çəkən şəxslər üçün mərkəzə getdik, orda uşaqlar üçün əyləncə təşkil etdik. 

- Bu tipli işlər qısa müddətli də ola bilir. Yəni, davam etmir...

- Bilirsiniz, xeyriyyə məqsədini görən hər kəs bizə dəstək olurdu. Tutaq ki şirniyyat yerindən tort alırdıqsa, bizə 50 faiz endirim edirdilər, yaxud hədiyyə edirdilər. İş görürdük, amma yığılan pullar bitmək bilmirdi. Azərbaycanlılarda xeyriyyə hissi yüksəkdir, xalqımız böyük ürəyə sahibdir və çox yardımsevərdir. Pandemiya başlayanda, evdən işlədik, düşündüm ki, artıq xeyriyyə məqsədli nəsə edə bilməyəcəyik. Amma biz vəsaitləri toplayıb bölgəmizə fokuslanıb, yardım aksiyasına start verdik. 

“Kapital Bank”ın filial şəbəkəsi böyükdür. Bu, bizə ölkənin hər bir nöqtəsini, hər bir ucqar kəndini belə əlçatan etdi. Bankımızın rəqəmsallaşması işimizi xeyli asanlaşdırdı. Xüsusilə pandemiya zamanı “Birbank” bizə köçürmələri tez, sürətli və rahat etmək üçün unikal imkanlar yaratdı. 2 aya könüllülərimiz 1500 ailənin qapısını döyüb onlara ərzaq yardımları çatdırdılar. Həmin ərəfədə bizim könüllü sayımız 200-ə çatdı. Bu yardımlar dayanmadan Ramazan və Qurban bayramlarında da davam etdi. Müharibə başlayanda isə, hamımız birləşib arxa cəbhədə çox fəal olaraq bütün istiqamətlər üzrə - həm orduya dəstək olmaq, həm qəhrəmanlarımızın ailə üzvlərinə yardım edərək - yardımları başlatdıq. 

- Bu gün “Kapital Bank”dan kənar da maliyyə cəlb edirsiniz, fond halına gəlmisiniz. Bu proses necə oldu?

- İkinci Qarabağ Savaşında “Kapital Bank” könüllülərimizdən 5-i orduya qoşulmuşdu və torpaqlarımızın azadlığı uğrunda vuruşurdular. Onlardan biri mənə zəng edərək xahiş etdi ki, təzəlikcə ata olan döyüş yoldaşının ailəsinə kömək edək. Həmin an biz təzəlikcə orduya 36 000 AZN dəyərində yardım göndərmişdik. Ona görə bu dəfə mən “Facebook” profilimdə status yazdım, bir gecəyə 4 788 manat yığıldı. O pul ilə ailənin başçısı müharibədən qayıdana kimi ailəyə yardım etdik. 

Artıq fəaliyyətimiz daha da genişləndi. “Facebook”da da yardım toplamağa başladıq və dayanmadan pul yığırdıq. Dünyanın müxtəlif ölkələrində dost-tanışlarım var, hamısı yardım edirdilər – o an əsl birliyin şahidi oldum.

2020-ci il ərzində kartlarıma 1,5 milyon manat gəlmişdi. Qərar verildi ki, fəaliyyətimiz rəsmiləşdirilsin. 2020-ci il dekabrın 15-i “Qırmızı Ürəklər Fondu” Qeyri Hökumət Təşkilatı olaraq rəsmiləşdik və artıq fond kimi fəaliyyətimizi davam etməyə başladıq.

- Dediniz ki, Özbəkistandakı rəhbəriniz sizə yardım edəcəyiniz sahə və şəxsləri seçməklə bağlı bir istiqamət vermişdi. İstiqaməti bu gün necə seçirsiniz?

- Rodica verdiyi məsləhətlər daha davamlı və dayanıqlı layihələrin həyata keçirilməsi ilə bağlı idi. Biz də fəaliyyətimizdə bunu nəzərə almağa çalışırıq. Hazırda fond olaraq 3 istiqamət üzrə fəaliyyət göstəririk. Cəmiyyət, ətraf mühit və heyvanlar. Toplanan vəsaitlər istiqamətlər üzrə xərclənir, hesabatlar aparılır. İldə bir neçə dəfə isə bayramlarda birdəfəlik yardımlar da edirik. Çünki təəssüf ki, aztəminatlı və bu yardımlara ehtiyacı olan ailələr də var. 

- Sizin “Kapital Bank”da bir işiniz var. Fond üçün isə yəqin müəyyən dövrlərdə çox vaxt ayırmaq lazım gələ bilir. Vaxt cəhətdən necə idarə edirsiniz?

- Müharibə dövründə mən 24/7 işləyirdim. Həm pandemiya, həm də müharibə vaxtı ailədən çıxmış kimi idim. Çünki bütün işi tək başına görürdüm, komandam yox idi. Fond kimi fəaliyyətə başlayanda, komandamıza 2 əməkdaş qoşuldu və işlərin bir qismini onlara yönəldirəm, iş və həyat balansını qorumağa çalışıram. 

- Sevda xanım, necə bir həyat yoldaşı, ana olmağa çalışmısınız?

- “Uşağı tərbiyə etmək istəyirsinizsə, özünüzdən başlayın” yanaşmasını tətbiq edirik. Çünki uşaq dediklərinizi deyil, etdiklərinizi təkrarlayacaq. Uşaq vaxtı oxumağı çox sevirdim. Bu mənə babamdan keçmişdi. Babamın evində çoxsaylı kitablar var idi. O mənə oxuyurdu, böyüdükcə isə özüm oxumağa başladım. Biz Özbəkistanda olanda qızımın 9 yaşı var idi. Bir gün gəldi ki, məktəbdə kitab günü qeyd olunur. Biz hansısa kitabdan bir xarakter geyinib getməliyik. Mən ona “Peppi uzun corab” kimi bəzənməyi təklif etdim. Onun saçını elə etdim, rəngli corablar geyindirdim, üzünə çillər çəkdim. Qızım o personajı tanımırdı və onu tanıyacaqlarından əmin deyildi. Amma məktəbdən sevinərək qayıtdı və dedi ki, müəllimi hansı personaj olduğunu tapıb. Bu, qızımda həmin personajı tanımağa və onun haqda kitab oxumağa maraq yaratdı. Zamanla onda da oxumaq ənənəsi yarandı. Sinay da böyüyəndə mənim ona kitab oxumağı sevdirdiyimi söylədi.

Uşaqlarla bağlı qızıl qayda yoxdur ki, “Bunu etsən, yaxşı olacaq” deyək. Uşaqlar fərqli olduğu üçün yanaşma da fərqli olmalıdır. Uşaq valideyndən sevgi, qayğı görməli, hər zaman valideynin onun arxasında durduğunu bilməlidir. Mın onlara öz sevgi və qayğımı göstərməyə, onlarla dost olmağa çalışıram. Bəzən alınır, bəzən yox (Gülür).

- Bu gün xəyal etdiyiniz yardımı edə bilirsiniz?

- Belə bir atalar sözü var: “100 manatdansa, 100 dostun olsa yaxşıdır”. Mənim bu işdə uğurumun səbəbi dostlarımdır. Milyonçu olmasam da, onların sayəsində yardım edə bilirəm.

Yardım edirik, amma yenə də o rəqəmlər mənə az gəlir. Əsas yardım edənlər komandamız, iş yoldaşlarım, dostlarım, əhatəmdə olan insanlardır. Azərbaycanda xeyriyyə hissi yüksək olsa da, təəssüf ki ianə mədəniyyəti bir o qədər də inkişaf etməyib. Yəni daha çox yardım etmək istəyərdim. Bu istiqamətdə əlimizdən gələni etməyə çalışırıq ki, daha çox insanların həyatına toxuna bilək. 

- “Tərəqqi” medalına layiq görüldünüz. Çox təbrik aldınız. Ən çox nə yazdılar?

- Həmin günü heç zaman unutmayacam. Çox xoş mesajlar aldım. Həm iş yoldaşlarımdan, həm keçmiş iş yoldaşlarım və dostlarımdan, tanışlarımdan. “Sən buna layiqsən”, “Bu çoxdan olmalı idi”. “Sevinirik ki, iş görənlər təltif olunur, bu ümidvericidir”, “Yaxşı iş görsən, bu, dəyərləndirilir” və s. kimi mesajlar aldım. Ətrafımda bu qədər səmimi və mənim uğuruma ürəkdən sevinən dostların olması çox sevindirici bir haldır.

Aygün Asimqızı

Fotolar: Rəşad Mehdiyev

Seçilən
22
50
Mənbələr
Şərh ()
Bağla