AZ

İİB Türkiyəyə 6,3 milyard dollar ayıracaq

İİB

Ankara, 29 aprel, AZƏRTAC

İslam İnkişaf Bankı (İİB) Türkiyə hökumətinin ortamüddətli iqtisadi proqramını dəstəkləmək üçün bu ölkəyə 6,3 milyard dollar kredit ayıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşek İİB-nin Ər-Riyadda keçirilən iclasının yekunlarını şərh edərkən məlumat verib.

Türkiyəli nazir qeyd edib ki, bu qərar İİB-nin Türkiyə üzrə 2024-2025-ci illər Strategiyası çərçivəsində qəbul edilib və Səudiyyə Ərəbistanının paytaxtında müvafiq saziş imzalanıb. O əlavə edib: “İslam İnkişaf Bankının ayırdığı vəsait səhiyyə, təhsil, nəqliyyat, kənd təsərrüfatı, sənaye sahələrində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə də sərf olunacaq”.

M.Şimşek xatırladıb ki, İİB bugünədək əlverişli kreditləşmə şərtləri altında Türkiyəyə ümumilikdə 12,9 milyard dollar ayırıb. İİB-nin Dünya Bankından (DB) sonra Türkiyənin ikinci mühüm beynəlxalq maliyyə tərəfdaşı olduğunu diqqətə çatdıran nazir bildirib ki, DB-nin xətti ilə Ankaraya 35 milyard dollar kredit ayrılması məsələsi də təsdiqlənib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
36
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq