AZ

Sərhəddən sovrulanlar... - RAKURS

Delimitasiya üsyançıları Azərbaycanla sülhə əngəl törətmək üçün erməni hakimiyətinə təzyiqləri artırıb

Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesini sıfır nöqtədən çıxdığını qətiyyətlə demək olar. Erməni dövlətinin başında duranlar, yəni Paşinyan iqtidarı çıxılmaz durumdadır, “versəm öldürərlər, verməsəm ölləm” dilemması qarşısındadır. 2020-ci il üçtərəfli Bəyanatının şərtlərinə görə, Ermənistan işğal altında saxladığı bütün əraziləri xoşluqla, yəni hərbi əməliyyat keçirilmədən geri qaytarmalıdır. Əks təqdirdə Azərbaycan bunu silah gücünə həll etmək hüququnu özündə saxlayır. Yəni əvvəldən deyildiyi kimi, Azərbaycan Ermənistanın bir qarış ərazisinə iddia etmir, öz ərazisinin bir metrinin də başqa ölkənin əlində olmasına imkan verməyəcək.

Cənubi Qafqazda gedən prosesləri yaxından-uzaqdan izləyən beynəlxalq güclərin də Azərbaycanın mövqeyi ilə razılaşmamaq niyyətləri yoxdur, ölkəmiz həm 44 günlük müharibədə, həm də ondan sonra, ta bu günümüzə qədər hərbi əməliyyatları, antiterror tədbirlərini yalnız öz suveren ərazilərində, dünya birliyi tərəfindən tanınmış torpaqlarında keçirib. Kimsənin bizə irad tutmasına imkan verilməyib. Amma bütün bunlara rəğmən dünyanın bəzi mərkəzləri, dövlətləri hələ də bizə qarşı kin bəsləməkdədirlər. Sanki torpaqları 30 ildən artıq işğalda saxlanılan Azərbaycan yox, Ermənistandır, işğalçı Ermənistan yox, Azərbaycandır.

Bu gün vəziyyət kökündən dəyişib, superdövlətlərin edə bilmədiyini, 30 il imitasiyası ilə məşğul olduğu problemi Azərbaycan 44 günlük savaşda edib. Erməni işğalına son qoyub, separatçılığın kökünü kəsib. Əvəzində münaqişənin həlli ilə uzun illər və səmərəsiz məşğul olan dövlətlərin – ABŞ və Fransanın hələ də basqısı, hücumu altındadır. ABŞ Senatındanı “ermənilərin dostu” qrupu Azərbaycana qarşı sənədi qəbul etdirməyə yaxın kimi görünürlər. Onların siyahısında olan 44 nəfərə guya ölkəmizdə insan haqlarının pozulmasında bilavasitə rol oynadıqlarına görə sanksiya tətbiq etmək istəyirlər. Siyahıda hüquq-mühafizə, ədliyyə orqanlarında çalışan yüksək çinli məmurlarla yanaşı 44 günlük Vətən müharibəsində qələbəmizin əldə edilməsində müstəsna xidmətləri olan komandirlərin olması Senatın nə qədər çirkin və ermənipərəst mövqedə olmasını isbatlayır. Eyni zamanda Fransanın rəhbərliyi və təzyiqi ilə Avropa Parlamentində Azərbaycana qarşı sanksiyaların tətbiq olunması barədə müzakirələrin intensivləşməsi də bu qəbildəndir. Hər iki dövlət Ermənistanı müdafiə etməkdən çox, itirilmiş nüfuzlarını bərpa edirmişlər kimi görünür.

Blinkenin İlham Əliyevə zəngi

Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyev isə iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Dövlət katibi ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edib. Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Ermənilərin dərdi...

Ermənistan hakimiyyətinin Tavuş vilayəti ilə qonşu olan Azərbaycan ərazilərinin, o cümlədən həmin ərazilərdə sonradan salınmış yaşayış məntəqələrinin bir hissəsinin Azərbaycana geri qaytarılması ilə bağlı razılaşması ölkənin müxtəlif rayonlarında etirazlara və yolların bağlanmasına səbəb olub. Ermənistan rəhbərliyi başladığı işi başa çatdırmaq niyyətində olduğunu nümayiş etdirir və Bakı ilə davamlı sülh əldə etməyə ümid edir. Amma İrəvanda heç də hamı bu münasibəti bölüşmür. Ermənistandan Gürcüstana gedən avtomobil yolu bir həftəyə yaxındır ki, Kirants kəndinin çıxışında bağlanıb. Onlayn xəritələr respublikanın şimal-şərqindəki bu kəndin Azərbaycana nə qədər yaxın olduğunu göstərir.

“İnsanların özləri etiraza çıxdılar, çünki onlara sərhədin evlərindən və bağlarından çəkiləcəyi bildirilib. Mən gəldim, çünki bu mənim sürümdür və mən burada olmalıyam. İnsanlar bu prosesi dayandırmaq istəyirlər ki, biz həssas vəziyyətdə qalmayaq. Amma biz artıq həssas vəziyyətdəyik”, bunu Müqəddəs Nerses Şnorali kilsəsin keşişi Ata Simeon deyib.

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını prosesi aprelin 19-dan başlayıb, artıq razılıq əldə olunub. Məlum olub ki, sərhəd xətti ermənilərin sonradan məskunlaşdırıldığı Kirants kimi kəndlərdən keçməli olacaq. Delimitasiyanın başlanması barədə Ermənistan-Azərbaycan razılaşması əldə olunan kimi etirazlar başlayıb. Bəzi yerlərdə, məsələn, M-6 magistralının Gürcüstan sərhədi yaxınlığındakı hissəsində polislə toqquşmalar baş verib və həbs olunanlar var. Etirazçılar arasında hərbi geyimdə olan və özlərini “fidain” adlandıran çoxlu adamlar olub. Onlar magistral yolu bağlamağa çalışıblar, lakin polis problemi kifayət qədər uğurla həll edib və tezliklə nəqliyyatın hərəkəti bərpa edilib.

Rafael Köçəryan adlı aksiya iştirakçısı deyib ki, “Biz torpaqlarımızın azərbaycanlılara verilməsinin əleyhinəyik. Ona görə döyüşmədik ki, torpaqlarımız əlimizdən alınsın”. Daşnaksütyun partiyasından olan müxalifətçi deputat Qarnik Danielyan bu etirazların ən çox görünən iştirakçılarından biri olub. “Əgər azərbaycanlılar burada olsalar, burada yaşamaq mümkün olmayacaq. Bunlar Azərbaycanın təzyiqi ilə birtərəfli güzəştlərdir. Bu, ərazi mübadiləsi deyil. Azərbaycan tələb edir, Ermənistan tərəfi verir”, deyə o bildirib.

Məsələnin bir çətinliyi də bundadır ki, dərhəddə nələri baş verdiyini ermənilərin əksəriyyəti bilmir, sadəcə etiraz aksiyası olduğu üçün uzaq bölgələrdən gəlib bura toplaşırlar. Sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı bütün rəsmi hesabatların ümumi bir cəhəti var ki, o da konkretliyin olmamasıdır. Nəticə etibarı ilə Azərbaycana konkret nəyin, nə vaxt dəqiq və necə veriləcəyini heç kim başa düşə və ya həqiqətən izah edə bilmir. Ermənilərin əlindən keçən kağızlar mətbuata ötürülür, onlar isə bu məlumatları daha qərəzli formada oxuculara təqdim edirlər. Azərbaycan geri verilən kəndlərin kimə məxsusluğundan az erməninin xəbəri var.
Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə məsələyə bu cür yanaşıb: “Aydındır ki, bu, çox ağrılı məsələdir və aydındır ki, bura başqasının evi deyil, mənim evimdir. Yol problemi, ev problemi var, amma qeyd edim ki, biz heç bir evin, yolun, kəndin məsələsini həll etmirik. Biz yaxın onilliklərdə Ermənistanın mövcudluğu məsələsini həll edirik. Biz isə bu məsələni həll edəcəyik, başqa çarəmiz yoxdur”. Bu şərhdə Azərbaycanla sülhün olub-olmayacağı, bunun nə vaxt olacağı və davamlı olub-olmayacağı ilə bağlı heç bir aydınlıq yoxdur. Erməni politoloq, İrəvan Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin rəhbəri Tiqran Qriqoryan deyib ki: “Azərbaycan öz şərtləri ilə sülh istəyir - qalibin sülhü budur. Onlar bu strategiyanı təbliğ edirlər”.

Azərbaycan yaranmaqda olan imkanlar pəncərəsindən kifayət qədər uğurla istifadə edir. Ermənistan zəif vəziyyətdədir, beynəlxalq vəziyyət əlverişlidir. Aydındır ki, Qərbdə Ukrayna, Qəzza, seçkilər (Aİ və ABŞ-da) olanda heç kim oturub Ermənistanla bağlı nə baş verdiyini düşünmür. Azərbaycan isə bundan istifadə edərək öz məqsədlərinə çatır. Erməni mətbuatı mövzunun davamı olaraq yazır ki, “Əgər hansısa ərazini müharibə olmasın deyə təhvil versəniz, bu delimitasiya deyil, başqa bir şeydir”.

Erməni ekspert Tiqran Qriqoryan Prezident İlham Əliyevin yanvar müsahibəsini xatırladır ki, Azərbaycan Prezidenti Cermuk ətrafında yaranmış vəziyyəti şərh edərkən demişdi ki, bizim əlimizdə elə yüksəkliklər olmalıdır ki, ermənilərin nə planlaşdırdığını öz gözlərimizlə görək.

Məsələ burasındadır ki, erməni millıətçi-revanşistlərin təşkil etdiyi bütün aksiyaların başında keşişlər dayanır. “Vətən üçün Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan və Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan da onlarla bir sıradadır. Bir qrup Şirak sakini etirazlara qoşulmağa və yeni ərazi güzəştlərinin qarşısını almağa çağırışlarla Gümrüdə yürüş keçirib. Daşnaksütyun gənclər birliyinin üzvləri bazar günü Kirantsda olub, orada arxiyepiskop Baqrat Qalstanyanla görüşüb və Tavuşda yaradılmış hərəkata dəstək ifadə ediblər.

Xatırladaq ki, aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyi dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycanın Tavuş vilayətindən delimitasiyaya başlaması və iyulun 1-nə kimi əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəldiyini açıqlamışdı. Həmin gün axşam saatlarından etibarən Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı qalan sakinləri etiraz aksiyaları keçirirlər.

Ümumiyyətlə, hazırda regionda həssas geosiyasi vəziyyət yaranıb. Azərbaycan 30 il sonra reallıqları dəyişib. Qazaxın 4 qeyri-anklav kəndi bir güllə belə atılmadan Azərbaycana qaytarılıb. Delimitasiya prosesi uğurla davam edir və ən əsası prosesin davamı üçün sərhəd komissiyalarının görüşləri keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı qeyd etdi ki, “Biz sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”.

V.VƏLİYEV

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla