AZ

"Aİ Ukrayna və Moldova üçün Marşal Planının müasir versiyasını hazırlamalıdır" - Maya Sandu

Avropa İttifaqı (Aİ) ABŞ-nin İkinci Dünya Müharibəsindən sonra qəbul etdiyi Marşal Planının müasir versiyasını hazırlamalı, lakin bu dəfə əsas diqqətini Ukrayna və Moldovanın yenidən qurulmasına yönəltməlidir.

Redaktor.az "Euractive"ə istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu Brüsseldə keçirilən Aİ-nin illik büdcə konfransında deyib.

"İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropaya Amerika Marşal Planı şəklində iqtisadi həyat xətti təklif edildiyi kimi, Moldova və Ukraynaya Avropa İttifaqından aydın şəkildə yönəlmiş 21-ci əsr ekvivalentinə ehtiyac var", - dövlət başçısı deyib.

"1948-ci ildə ABŞ-nin keçmiş prezidenti Harri Truman tərəfindən imzalanmış, o zamankı dövlət katibi Corc Marşalın adını daşıyan Marşal Planı İkinci Dünya Müharibəsi zamanı viran qalmış Avropa ölkələrinə milyardlarla dollarlıq iqtisadi yardım göstərib.

Marşal Planı müharibədən əziyyət çəkən qitəyə kapitalizm və demokratiyanın kommunizmin təklif etdiyi hər şeydən daha yaxşı yol olduğunu göstərmək üçün hazırlanmış və həyata keçirilmişdir. Belə bir planın bugünkü müasir versiyası da Aİ-yə üzvlük üçün səy göstərənlərə eyni ümid verməlidir”, - Moldova Prezidenti bildirib.

Onun fikrincə, Aİ büdcəsi təkcə kritik yaşıl, rəqəmsal və infrastruktur layihələrini maliyyələşdirməməli, həm də Avropa qitəsinin “qaranlıq baxışlı qüvvələr” tərəfindən təhlükə altında olan “dəyərləri” qorumaq məqsədi daşımalıdır.

"Biz həmçinin tarixin mühüm anlarında insanların həyatını xilas etmək, sülhü bərpa etmək və azadlığı müdafiə etmək üçün sərmayə qoymalıyıq", - Sandu deyib.

Eyni zamanda o, Avropanın Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan təhlükəsizlik çağırışlarına qarşı durmaq qabiliyyətinə dair nikbinliyini ifadə edib.

T.İSMAYIL

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla