AZ

 Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var

Bu günlərdə Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdə oldu. Səfər zamanı Prezidentlərin məhdud və geniş tərkibdə keçirilən görüşlərində müzakirə edilən məsələlər, imzalanan sənədlər, mətbuata birgə bəyanatları bir daha  münasibətlərimizin dünəninə və bu gününə, eyni zamanda, perspektivdə müəyyənləşdirilən  məsələlərə aydınlıq gətirdi. Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalandı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında “Münasibətlərimizin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək sənədləri imzaladıq. Onların hər biri böyük əhəmiyyətə malikdir” söyləyərək onu da əlavə etdi ki, qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir. Bu səfər və onun nəticələri qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Sonuncu səfər çərçivəsində qardaş ölkənin lideri Füzulidə və Ağdamda olaraq orada gedən tikinti-quruculuq işləri ilə tanış oldu. Xüsusilə bir neçə önəmli infrastrukturun təməlqoyma mərasimində iştirak etdi. 

Qeyd edək ki, 2024-cü ildə Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.  Bundan başqa, Prezident İlham Əliyev  qardaş Qırğızıstanın Prezidenti Sadır Japarovu noyabr ayında ölkəmizdə keçiriləcək  COP29 beynəlxalq konfransında iştiraka dəvət etdi. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından xeyli əhəmiyyətlidir.”

Ümumiyyətlə, hazırda dövlətimizin  Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri həmin dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.

Bu gün Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Diaspor üzvləri arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim var. Daha 3 soydaşımız isə Qırğız Respublikasının “Şöhrət” medalı ilə təltif edilib. Tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstandakı azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar. Məşhur qırğız yazıçısı Çingiz Aytmatov bu gün də Azərbaycanda sevilən yazıçılardandır. Təsadüfi deyil ki, məşhur yazıçının 85 və 90 illik yubileyləri ilə bağlı Azərbaycanda tədbirlər keçirilib.

Hər iki ölkə arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. Eyni zamanda, 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.

Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2022-ci il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Səfər çərçivəsində mətbuata bəyanatla çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov demişdi: “Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı”.

Qırğızıstan Prezidenti Sadır Japarov 2023-cü il noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə Prezidenti Sadır Japarov arasında görüş keçirilib. Görüşdə çıxış edən Prezident İlham Əliyev qeyd etmişdi: “Münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir. Biz bir-birimizi həmişə dəstəkləyəcəyik və gələcəkdə beynəlxalq strukturlarda da bunu edəcəyik. Bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya siyasəti, ölkələrimizin daha da yaxınlaşması ilə əlaqədar mühüm məsələləri həll edirik. Son vaxtlar beynəlxalq tədbirlərdə çox tez-tez görüşürük. Bu, həmişə gündəlikdə duran məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir”.

Son 10 ildə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana bir neçə dəfə rəsmi səfər edib. Ən önəmli hadisə isə 2020-ci ildə COVID-19-la əlaqədar Azərbaycan tərəfindən Qırğızıstana humanitar yardım (7 yük maşını) yola salınıb. 2021-ci ilin iyulun 17-də Azərbaycandan Qırğızıstana 40 min doza “AstraZeneca” (Vaxzevria) vaksini göndərilib. 2023-cü il iyulun 26-da Çolpon-Ata şəhərində Azərbaycanla Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib. Ölkələrimiz arasında sıx münasibətlərin daha bir nümunəsi isə Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Qırğızıstan Joqorku Keneşində (Parlament) isə Qırğızıstan-Azərbaycan əməkdaşlıq üzrə dostluq qrupunun fəaliyyət göstərməsidir.

Bu dəyərli görüşlər və hadisələr bir daha göstəir ki,  Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla