AZ

Türkiyədə qeyri-peşəkar idarəçiliyin daha bir nümunəsi...

Bəzi Türkiyə təmsilçilərinin maddi cəhətdən yaxşı durumda olmaması həmin klublara problemlər yaratmaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, bu mövsüm qardaş ölkədə bir çox klubun transfer və ya xal cəzaları almasının, eləcə də məcburiyyətdən futbolçularla vidalaşma hallarının şahidi olmuşuq. Buna bənzər xəbər indi də “Antalyaspor”dan gəlib. Belə ki, “ağ-qırmızılar”ın aparıcı futbolçularından olan Zimer Bitiki müqaviləsinibirtərəfli qaydada pozaraq Türkiyədən ayrılıb. Məlum olub ki, 27 yaşlı futbolçu son 3 ayda maaş almayıb. O, əvvəlcə narazalığını rəhbərliyə bildirsə də, bunun bir faydası olmayıb. Daha sonra Bitiki FİFA-ya üz tutub. Qurum pulun ödənilməsi üçün “Antalyaspor”a vaxt versə də, həmin müddətdə də pul ödənilməyib. Bu üzdən kosovolu futbolçunun müqaviləni birtərəfli qaydada pozmaqdan başqa çıxış yolu qalmayıb. Onun “Antalyaspor”la müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulmuşdu. Ona görə də FİFA tərəfindən kluba 2,2 milyon avroluq cəza veriləcəyi gözlənilir. Beləcə cəmi 3 ayın pulunu ödəmək istəməyən Antalya təmsilçisi cəza qüvvəyə mindikdən sonra futbolçuya müqaviləsinin sonuna qədər nəzərdə tutulan məbləği ödəməli olacaq! Təəssüf ki, Türkiyədə bəzi klublar, xüsusilə də Anadolu təmsilçiləri məhz bu cür qeyri-peşəkar şəkildə idarə olunur. Özü də dərd orasındadı ki, “Antalyaspor” zatən FİFA-nın “qara siyahı”sındadı. Hazırda bu qurumda bu klubun 3 fərqli dosyesi var. Zatən Antalya təmsilçisi Luis Adrianoya olan borcunu ödəmədiyinə görə bu qış heç kimi transfer edə bilməmişdi. Transfer cəzasının nə vaxt qaldırılacağını heç kim bilmir. İndi də bütün bunlara Bitikinin məsələsi əlavə olundu. Ona görə də “Antalyaspor”un da qarşıdakı illərdə eynilə “Akhisarspor”, “Bursaspor”, “Dənizlispor” kimi 3-4-cü, hətta həvəskarlar liqasına yuvarlanması sürpriz olmayacaq. Maraqlıdı ki, Bitiki ötən həftəsonu “Antalyaspor”un qəhrəmanına çevrilmişdi. O, “Hatayspor”la qarşılaşmada 82-ci dəqiqədə meydana çıxmış və 92-ci dəqiqədə qələbə qolunu vurmuşdu. Ulduzu “Konyaspor”da parlayan və ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Olimpiakos”da keçirən Bitiki “Antalyaspor”a ötən yay gəlmişdi. Cari mövsümdə o, 33 rəsmi oyunda iştirak etmiş və 2 qol, 4 məhsuldar ötürmə ilə fərqlənmişdi.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla