AZ

İrəvanın xilası üçün fürsətlər...

Prezident İlham Əliyevin ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda diqqət çəkdiyi çox mühüm məqamlardan biri də Ermənistanın nəqliyyat bağlantısı və qaz asılılığının aradan qaldırılmasında Azərbaycanın sahib olduğu mövcud infrastrukturlara qoşulmaqla həlli məsələsi idi. Cənab Prezident İrəvanın bölgəyə və dünyaya açılımında ən optimal və sərfəli marşrutlar kimi Azərbaycandan keçən qovşaqlara qoşulmasını göstərdi və Ermənistana faktiki olaraq şans və fürsətləri qaçırmamağı tövsiyə etdi.

Ermənistan üçün bu fürsətlər nədir?

İlk növbədə, nəqliyyat blokadasından çıxmaq və regionun nəhəng marşrutlarına qoşulmaq. Dövlət başçısının da vurğuladığı kimi Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə quru yolu beynəlxalq nəzarət və təhlükəsizlik mexanizmi ilə təmin edilməlidir. Bu, həm də Ermənistana tranzit ölkə olmaq imkanı yaradır. Bu ölkə heç vaxt tranzit və ya region körpü qovşağı olmayıb, indiki şəraitdə də bölgədə sülh qovşağının yaranması Azərbaycan olmadan real deyil. İrəvanı bəzi regional qüvvələr, xarici institutlar inandırmağa çalışır ki, Ermənistan İranla birgə Gorus-Qafan magistralına alternativ yol çəkərək İrəvan-Yerasx-Gorus-Meqri-İran sərhədi və İrəvan-Sevan-İcevan-Azərbaycan sərhədi, eləcə də Sevan-Martuni-Getap avtomobil yollarını modernləşdirməklə Gürcüstan üzərindən Qara dənizə çıxış qazansın. Olduqca mürəkkəb və dolaşıq olan bu yol infrastrukturlarının yaradılması siyasi və maliyyə dəstəyi baxımından neçə vaxtdır ortada qalıb, bu layihəni  Şimal-Cənub nəqliyyat layihəsinin tərkib hissəsi kimi təqdim edənlər belə fərziyyələrini ciddi fiziki addımlarla sübut edə bilmir. Relyef, coğrafi trayektoriya, daşınma, məsafə, qlobal təchizatçılar üçün səmərəsiz hesab edilən məqamlar və s. amillər layihənin açılıb-örtülən qovluqdan kənara çıxmadığını göstərir. Məsələ ondadır ki, bu yolu Ermənistanın inşa etməyə maliyyə gücü də yoxdur, heç İran də “əlini cibinə atmaqda” meyilli deyil, beynəlxalq kredit koalisiyası isə pulunu boş yerə havaya sovurmaq istəmir.

Ona görə də, Ermənistanın “dağa-daşa düşməkdənsə”, ortada ən real olan və Yeni İpək Yolunun ən perspektivli xətti olan Zəngəzura qoşulması sərfəli və realdır. Bu yol, əslində həm də Şimal-Cənub nəqliyyat marşrutunun daha bir genişlənməsi və Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsi deməkdir. Ona görə də, Ermənistan bu tarixi fürsəti qaçırmamalıdır.

Ermənistan üçün ikinci mühüm şans dayanıqlı və uzunömürlü yanacaq təminatını qurmaqdır. Regionda geosiyasi mürəkkəb vəziyyətin dərinləşməsi, digər amillər, eləcə də Ermənistanın hazırda qaz aldığı ölkələrin dəfələrlə yanacağın qiymətini artırmaq bəhanəsilə siyasi tələblər ortaya qoyması və qaz amilindən siyasi spekulyasiya kimi istifadə etməsi gələcəkdə digər problemlərin baş verməyəcəyinə təminat yaratmır. Azərbaycanın yanacaq amilindən heç bir ölkəyə qarşı siyasi məqsədlər üçün istifadə etmədiyi ortadır, Azərbaycan qaz ixrac etdiyi ölkələrə yalnız iqtisadi partnyorluq yanaşması sərgiləyir. Hətta qlobal bazar qiymətlərindən daha sərfəli müqavilələr təklif edir. Bunu Gürcüstanın timsalında görə bilərik, Gürcüstanın təbii qaz təchizatını və enerji təhlükəsizliyini 100 faiz təmin edən ölkəmiz orta bazar qiyməti ilə yanacaq satır. Belə imkan Ermənistan üçün də tükənməyib, ona görə də, Ermənistanın gələcəkdə

uzunömürlü və etibarlı qaz təminatı sistemi qurmasında Azərbaycanın mövcud qaz kəmərləri infrastrukturu güclü təminatçısı və zəmanətvericisi ola bilər. Hazırda Naxçıvana təbii qazı təchiz etmək üçün Azərbaycan və İran yeni kəmər infrastrukturu yaradır, eləcə də digər boru kəməri Türkiyə ilə birgə qurulur. Bu şəbəkələrin Ermənistanı əhatə etməsi də mümkündür, Naxçıvana gedən həmin kəmərlərin Ermənistan ərazisinə çıxışları mümkündür. Belə halda kəmərin bu ölkədən keçməsi onun həm qaz təminatını həll etmiş olur, həm də bölgədə tranzit ölkə statusu qazandırır.

İrəvana açılan növbəti şans qapısı “yaşıl enerji” koridoruna qoşulmaqdır. Bu dəhliz də çoxsistemli Zəngəzur landşaftının bir hissəsidir. Belə ki, həmin dəhliz boyunca nəzərdə tutulan elektrik kabelləri keçəcək ki, bu xətlərdən birinin Ermənistandan uzanması mümkündür. İrəvan bu kabellə həm enerji ala, həm də ixrac imkanlarına malik ola bilər. Sözsüz ki, bütün bunların bir yolu var, Azərbaycanla münasibətləri səliqə-sahmana salmaq və sülh sazişi imzalamaq. Bu, Ermənistan üçün başlanğıc nöqtəsi ola bilər.

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla