AZ

Bacısı işgəncə ilə öldürülən qardaşın böyüklüyü...

Əvvəlini buradan oxuya bilərsiniz

İkinci yazı 

Bişimbayevin işi üzrə məhkəmə istintaqı bitdi. Son iclaslarda telefonuna çəkdiyi videolar təhlil edilirdi. Etik normalara görə sadəcə səsi eşidirik: Raimbek Batalovla sevgili olmusan? Onunla yatmısan? Denən, mən Raimbek Batalovla sevişmişəm. Düzünü de...

(Söhbət evlilikdən öncədən gedir)

Bunları aqressiyasız, içkili səslə söyləyir. Saltanatın ağır nəfəsini duyuruq, Bişimbayev videonu saxlayır, ehtimal edilir ki, o an qıza zərbə endirir, qız gah “hə” deyir, gah “yox”; yenə saxlayır, çəkir, soruşur; qız “heç vaxt olmayıb” deyir, qanlı köynəyini göstərib “bunlar dəlildir” deyir, tualetə istəyir, üşüyür...

Görüntünü hakimin və vəkillərin dilindən bilirik. Saltanat çılpaqdır, üzü qan içində yerdədir...

Döyülüb, aşağılanıb, saatlarla can verərək bir neçə subdural hematomadan ölüb.

Saltanat aciz, yoxsul ailədən olsaydı, Kuandık onun adını çirkaba batırardı. Məhkəmədə danışdıqları, güclü vəkilləri, sifarişli yazılar, çəkilişlər işə yarıyardı. Hətta bəlkə korrupsiya üstündə həbsindən qurtulduğu kimi bu işdən də sıyrılardı. Alınmadı. Ən böyük səbəb isə prosesin önünə bir kişinin keçməsi oldu. Qızın hüquqi varisi - qardaşının. O baxmadı - bu adam bacısı haqqında nə danışır, kim nə deyir. Bacısını işgəncə ilə öldürüblər, vəssalam. Fakt budur!

Qadınlar özləri dillənəndə subyektiv qarşılanır, qulaq asmırlar - mövzu nə qədər ciddidir?! Bəlkə ilk dəfə bir kişi belə israrla bacısının timsalında məişət zorakılığının qurbanı olan qadınların harayına çevrilirdi. O dayanmadı, canlı yayımlar açdı, müraciətlər etdi, dörd vəkilə qarşı dörd vəkil tutdu, mitinqlərə çıxdı, hər gün açıqlama verdi və ölkənin, hətta dünyanın diqqətini çəkə bildi. Sadistlərin qurbanı olan qadınların nəhayət səsi eşidildi. Məişət zorakılığını kriminallaşdıran qanun qəbul olundu. Məhkəmənin yayımı da ciddi effekt verdi. Bu, Qazaxıstan hüquq sistemində böyük bir çevriliş idi. Xalqın məhkəmə-hüquq bilgisinin yaranmasına da xidmət etdi; hakim, vəkil, zərəçəkmiş, müttəhim, dövlət ittihamçısı necə olur, nə danışır – öyrədici idi. Ən önəmlisi, zorakıların gözü qorxdu.

Qadınları öldürənlər adətən motivi namus məsələsinə bağlayırlar. “Qısqanclıq zəminində” – bunu çox eşidirik. Bu, xüsusi maddə deyil, cəzanı yüngülləşdirmir. Onlar niyə bu motivə əl atırlar? Çox sadə, ictimai leqallıq, kütlə bəraəti qazandıracağını bilirlər.

Bişimbayev gerçəkdən Saltanatı qısqanıbmı? Burada çox subyektiv olacağam. Məncə, o, Batalovu qısqanıb. Alınmayan biznesmen, siyasətçi olması, müstəqil kişidən çox mama-papa balasını xatırlatması və jestikulyasiyasında Batalovu yamsılaması bu təəssüratı yaradır.

Batalov da, nə Batalov... Batalovlar nəslindən olan, Qazaxıstanın tanınmış iş adamı, “Raimbek holding”in rəhbəri, bir sıra federasiya, qurum üzvü, sədri.

Raimbekin açıqlama videosu gecikmədi. Müttəhimin dediklərini axmaq yalan adlandırdı. Nukenovlar ailəsinə dərin üzüntüsünü bildirdi: “Onlar öldürülən qızlarının hüquqları ilə yanaşı, adını da atılan çamurlardan qorumalı olurlar. Bu, dəhşətlidir”.

Təkcə öz adını deyil, yad qadının adını da qorudu, ailənin dərdinə şəriklik sərgilədi. Onun həyat yoldaşı da Saltanat üçün ədalət istəyir.

Bişimbayev məhkəmədə şikayət edir: içirdi, dalaşırdı, söyürdü, vururdu; özü soyunub, başını çırpıb, içkili olub, yıxılıb, dəyib, ölüb. İstintaq əksini ortaya çıxartdı. Qadını can verdiyi vaxtda belə, başqa qadınlarla yazışıb, hətta görüşməyə macal tapıb.

Ölmüş qadından “niyə ayrılmırdın?” soruşanların ağlına diri qatilə eyni sualı vermək gəlmir. Prokuror xanım isə məhkəmədə ondan soruşdu: Belə pis idisə, niyə ondan ayrılmırdız?

“Onu sevirdim...”

Sevirdim? O gerçəkdən Saltanatı sevib? Yenə subyektiv olacağam. Nəzərə almanızı xahiş edirəm. Məncə, sevib. Amma necə? Bildiyi, bacardığı kimi. Sevgi böyük bir elmdir. Onu anlamaq, ifadə etmək yüksək mədəniyyət, bilgi istəyir. ABŞ-də bir nəfər Elmlər Akademiyasına müraciət yazıb, sevgi mövzusunu araşdırması üçün vəsait ayırmağı xahiş edir. Bir neçə alim bunun elmi iş olmadığını deyib etiraz etsə də, akademiya büdcə ayırır. Eynşteyn qızına yazdığı “Sevginin gücü” adlı məktubunda deyir: “E=MC2 ilə sevgini daha görünən etdiyimə inanıram. Sevgini işıq sürətinin kvadratına vursaq, alınan enerji ilə bütün bəşəriyyət şəfa tapar. Kainatdakı ən böyük və sonsuz güc sevgidir”.

Ehtimal edirəm ki, Bişimbayev sevgisiz mühitdə böyüyüb. Daha doğrusu, aqressiv sevgi mühitində. Övladlarını əzən valideynlər də onları sevdiklərini düşünürlər. Gəl ki uşaq bunu sevgi kimi hiss edir, ya yox?.. Əlbəttə, sevgisiz böyüyən hər kəs zorakıya çevrilmir. Hərə bir cür dərs çıxarır. Aqressiya, zorakılıq təkcə klinik hal deyil, nəsildən-nəslə yaşayan adətdir. İnsanlar görüb təkrarlaya bilir.

Ata Bişimbayevin bu cümləsi çox şeyi açdı: “Ağıllı qadın kişini kandardan başa keçirir, axmaq qadın başdan kandara”. Onlar nazir postundan həbsxanaya – başdan kandara da deyil, dibə yuvarlanan oğullarının xilaskarı kimi görmək istəyirdilər Saltanatı. Kuandık ilk dəfə 20 yaşında ata olub. 20 yaş! Oğlunun anası haqda heç bir məlumat yoxdur. İkinci yoldaşı 14 ildən sonra boşanıb. Üçüncü yoldaşı...

Ucalığın nə olduğunu bilməyən adamı necə ucaltmaq olar? Saltanat onunla yalnız bata bilərdi...

Hamı geyinir – hamı zövqlü geyinmir

Hamı danışır – hamı ağıllı danışmır

Hamı sevir – hamı gözəl sevmir

Bişimbayev gözəl sevə bilmədi... Saltanat necə, onu sevibmi? Məncə, sevib - bacardığı kimi. Onlar bir-biri ilə döyüşə-döyüşə məğlub oldular. Kişi döyər, qadın dözər...

Ardı var...

Aysel Əlizadə



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla