AZ

Azərbaycana Qələbələr yaraşır!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Birinci vitse-prezidentin Avropanı mat edən Azərbaycan şahmatçısına təbriki

Mübariz FEYİZLİ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib. Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”

Xatırladaq ki, 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb.

Azərbaycan idman ölkəsidir

Ülviyyə Fətəliyevanın şahmat üzrə Avropa çempionu titulunu qazanması bütövlükdə Azərbaycan idmanının uğurudur. Son illərdə Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız beynəlxalq səviyyəli turnirlərdə cəsarətlə yarışlara qatılaraq qazandıqları qələbələr sayəsində himnimizi səsləndirir, bayrağımızı ucaldırlar. Bu uğurllar, əlbəttə ki, sehirli çubuq sayəsində qazanılmır - Azərbaycan adına gələn hər qələbənin arxasında dövlətin idmana və idmançılara davamlı diqqət və qayğısı dayanır. Son illərdə respublikamızda idmanın kütləviliyini təmin etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanda aparılan düşünülmüş siyasət, o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. 

Respublikamızda idmanın inkişafından və kütləviləşməsindən söhbət açarkən yeni yaradılan müasir infrastrukturun rolunu xüsusi qeyd etmək lazımdır. Yeni tikilən və yaxud yenidən qurulan arenalar, o cümlədən paytaxtda və regionlarda yaradılan 50-dək olimpiya idman kompleksləri sayəsində Azərbaycan son dərəcə müasir idman infrastrukturuna malik ölkəyə çevrilib. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. 

Qeyd edək ki, ölkəmizdə müasir idman infrastrukturu yaradılması istiqamətində məqsədyönlü işə 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin dəyişməsindən sonra başlanıb. Azərbaycanda idman və çoxminli idmançılar ordusu MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamisini tapdı. MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının yenilənməsinə, o cümlədən də bu sahədə müasir infrastruktur qurulmasına start verildi. 

Prezident İlham Əliyevin hər ilin idman nailiyyətlərinin qeyd olunduğu tədbirlərə qatılması, beynəlxalq səviyyəli yarışlarda medallar qazanmış idmançılarla görüşməsi, onları mükafatlandırması ölkəmizdə idmana marağın artmasına güclü impuls verir. 2023-cü il dekabrın 21-də Azərbaycan idmanının tarixində əbədi qalacaq əlamətdar bir hadisə yaşandı. Qeyd olunan tarixdə  Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan  Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşdü. “Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını - uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir”, - deyə Prezident İlham Əliyev həmin görüşdəki çıxışında bildirib.

Heydər Əliyev Fondunun mühüm rolu

Birinci vitse-przidentin şahmat üzrə Avropa çempionu titulunu qazanmış Ülviyyə Fətəliyevaya səmimi təbrik ünvanlaması xüsusi məna daşıyır. Hər şeydən əvvəl ona görə ki, son illərdə ölkəmizdə idmanın inkişafında şəxsən Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi  Heydər Əliyev Fondu müstəsna rol oynayır.  Gənclərin  hərtərəfli inkişafına diqqətlə yanaşan Heydər Əliyev Fondu uşaq və yeniyetmələrdə idmana maraq aşılamaq, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə inşa olunan orta məktəb və məktəbəqədər müəssisələrdə idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələr yaradılır. İdmana dair bir sıra əyani vəsaitlər və nəşrlər buraxılır. Bütün bunlar da paytaxtda və regionlarda uşaqlar, yeniyetmələr və gənclər arasında idmana kütləvi maraq yaranmasına öz müsbət təsirini göstərir. 

Respublikamızda bir çox sahələrdə idmanın inkişafı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Gimnastika məhz belə sahələrdən biridir. 2002-ci ildə Mehriban Əliyevanın Federasiyanın prezidenti seçilməsi ilə bu sahənin yeni inkişaf yolunun təməli qoyulub. Mehriban xanım Əliyevanın səyləri sayəsində əslində federasiya yenidən qurulub. Təsadüfi deyil ki, Birinci xanımın rəhbər postu tutmasından bir il sonra Bakı bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi etdi. Artıq ölkəmizdə həm daxili yarışlar keçirilir, həm də Dünya Kubokunun mərhələləri baş tutur. Gimnastlarımız beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edirlər və yaxşı nəticələr qazanırlar. 2014-cü ildə Bakıda Milli Gimnastika Arenasının istifadəyə verilməsi Azərbaycan gimnastikasının inkişafı məqsədilə atılmış mühüm addım oldu. Arenada gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkil edilməsi üçün hər cür şərait yaradılıb. Məhz həmin ildə ölkəmizdə XXX Avropa çempionatı keçirildi. 33 ölkədən 258 idmançı Gimnastika Arenasında mötəbər yarışda qüvvələrini sınadılar.

Əsl idman təşkilatçısı

Bütövlükdə, Mehriban xanım Əliyeva özünü əsl idman təşkilatçısı kimi təsdiqləyib. Onun bu sahədə müstəsna bacarıqları ilk dəfə ölkəmizin 2015-ci ildə  ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində üzə çıxdı. Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyeva bütün hazırlıq prosesinə şəxsən nəzarət edir və planlaşdırlan bütün layihələrin yüksək səviyyədə reallaşdırlmasına nail olmağa çalışırdı. Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş sözləri söyləmək mümkündür.

Bunun ardınca ölkəmiz cəmi iki ildən sonra - 2017-ci ildə  IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Azərbaycan bu dəfə də özünün yüksək standartlarını nümayiş etdirməyə nail oldu. Bakıda 10 gün ərzində əsl idman bayramına çevrilən Oyunların yüksək səviyyədə keçirilməsindən söhbət açarkən tərkibində böyük heyəti, o cümlədən də könüllüləri birləşdirən komandanın yarışlara məsuliyyətlə hazırlaşdığını xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati məsələləri ən xırda detallarına kimi nümunəvi şəkildə həll etmişdi. Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqində ölkəmizin Oyunlara yüksək səviyyədə hazırlaşmasını qonaqlara olan böyük hörmətin və məsuliyyətin təzahürü kimi səciyyələndirib: “Biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik. Əlbəttə ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə, bizim siyasətimizi göstərir”.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla