AZ

“Paşinyan yıxılsa, Cənubu Qafqazda müharibə başlayar...”-Analitik

“İlham Əliyevin Moskva səfərindən sonra Qazaxın Azərbaycana qaytarılmalı kəndləri ilə bağlı gərginlik yaradanlara qarşı Ermənistan polisi  ciddi tədbirlər görməyə başladı...” 
 
Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün budəfəki söhbətimizdə əsasən Qazax rayonunun məlum 4 kəndinin Azərbaycana qaytarılması prosesiylə bağlı Ermənistanda yaranmış son gərginliyi müzakirə etdik.
 
-Tahir müəllim, necə düşünürsüz, ölkə başçısı İlham Əliyevin Almaniyaya son səfəri Azərbaycana hansı faydalar gətirdi?
 
-Prezidentin budəfəki Moskva səfəri hər şeydən əvvəl, Azərbaycanın xarici siyasətinin ölkəmizin iqtisadi maraqları əsasında qurulduğunu göstərdi. Almanlara Zəngəzur dəhlizinin Ermənistan üçün də vacib olduğunu və onun iqtisadiyyatı üçün yeganə çıxış yolu olduğunu göstərdi.  Bu səfər həmçinin Azərbaycanla Avropa Birliyi və əsasən  Fransa tərəfindən idarə olunan Ermənistanın torpaqları qaytarması və sülh sazişinin bağlanmasının vacib bir məsələ olduğunu ortaya qoydu. Ən əsası, bu yolla Çindən gələn yüklərin Azərbaycandan Türkiyəyə və oradan Almaniyaya  gedəcəyinin bu ölkə üçün  vacibliyi ortaya çıxdı. Almaniya iqtisadiyyatı üçün bu, vacib məsələlərindən biridir. Hamıya məlumdur ki, Almaniya konsernləri, zavod və fabriklərinin çoxu  bu saat Çindən gələn kompleksləşdirici materiallar əsasında işləyir.  Ukrayna yolu bağlı olduğundan Çindən gələn  təchizat materialları okean vasitəsi ilə həyata keçirilir. Bu isə Almaniya üçün çox baha başa gəlir. Odur ki, Azərbaycan tranzitinin işləməsi Avropa Birliyi ölkələrinin, xüsusən də Almaniyanın xeyrinədir...   
 
- Qazax rayonunun məlum 4 kəndinin Azərbaycana qaytarılması prosesiylə bağlı Ermənistanda yaranmış son gərginliyi necə dəyərləndirirsiz?
 
-Ermənistanda son günlər meydana çıxan bütün bu gərginlik hər şeydən əvvəl ermənilərin hələ indiyə qədər məğlub olmalarını anlamamaları ilə bağlıdır. Bütün hallarda bu  kəndlər  boşaldılıb Azərbaycana qaytarılmalıdır. Maraqlısı budur ki, həmin kəndlərin qaytarılması məsələsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli  razılaşmada öz əksini tapmayıb...
 
Rusiyanın  xarici işlər naziri Sergey Lavrov Ermənistandan olan həmkarı Ararat Mirzoyanla və s. ilə görüşəndə bunu vurğulamışdı. Bu, qurbağa gölünə daş atmaq demək idi. Fikir versəniz, görərdiniz ki, ermənilər məhz bundan sona atılıb düşməyə başladılar. Prezident İlham Əliyevin Moskva səfərindən sonra Qazaxın Azərbaycana qaytarılmalı kəndləri ilə bağlı gərginlik yaradanlara qarşı Ermənistan polisi  ciddi tədbirlər görməyə başladı... 
 
Nikol Paşinyan da çox yaxşı bilir ki, Azərbaycanla sülh müqaviləsi bağlamasa, Ermənistan dağılacaq. Odur ki, əlindən gələni edir  ki, sülhə nail olsun. Cənubi Qafqazda  sülhün olması Rusiyanın da, İranın da maraq dairəsindədir...
 
 -Sizcə, Qazaxın kəndləri ətrafında yaradılan bu gərginlik əsasən hansı xarici güc tərəfindən körüklənir?
 
-Bu gərginliyə rəvac verən Fransanın xüsusi idarələridir. Elə düşünürlər ki, Ermənistan Azərbaycana qarşı müharibə etsə, Fransa öz qoşunlarını  Qafqaza soxacaq. Anlamırlar ki, yenicə formalaşan tranzit yollarının işləməsində təkcə Rusiya, İran, Türkiyə deyil, bütün dünyanın marağı var. Odur ki, Paşinyan geri çəkilir. ABŞ-nin Dövlət katibi Entoni Blinken də bu tranzitin işləməsinin tərəfdarıdır. Bilirsiz, niyə? Çünki bu tranzit də ABŞ büdcəsinə külli miqdarda pul gətirə bilər... 
 
-Həm Ukraynada, həm də Gürcüstanda 9 may qələbə gününə qədər ciddi revanş götürməyə çalışan Rusiya Paşinyanı devirmək üçün Qazaxın kəndləri ilə bağlı ikibaşlı oyun oynaya bilərmi: yəni həm Azərbaycan kəndlərinin qaytarılmasını alqışlayıb, həm də bunda yararlanaraq hər iki tərəfdəki “5-ci kalon”u və agenturası vasitəsi ilə gərginliyin pik həddə çatdırılmasına çalışa bilərmi? 
 
-Düşünürəm ki, bütün bu oyunlara Prezident İlham Əliyevin Moskva səfəri son qoydu.  Paşinyanın yıxılması isə heç Rusiyanın da xeyrinə deyil.  Ona görə ki, Paşınyan, dərinə getsək, elə Rusiyanın dediklərini edir. Həm də Qərbin hakimiyyətə gətirdiyi fərd olduğundan  onu yıxmaq heç də asan məsələ deyil...
 
Rusiyaya, Türkiyə və İranla  tranzit yollarının işləməsi isə vacibdir. Bunu elə Paşınyan həyata keçirəcək. Onun dediklərinə yox, əməllərinə fikir verin. Elə dörd kəndin qaytarılması da yeni tranzitin işləməsi ilə bağlıdır... 
 
-Yəni hesab edirsiz ki, Ermənistandakı son gərginliyin, bəzi şərhçilərin qeyd etdiyi kimi, Paşinyanın devrilməsi ilə nəticələnməsi ehtimalı azdır?
 
-Şərhçilərın fikirlərinin çoxunun iqtisadi əsası yoxdur, ona görə dedikləri düz çıxmır. Paşinyanın yıxılması isə ağıla gələsi deyil. Dərinə getsək, elə Azərbaycan onu qorumalıdır. Rusiyanın  planında da onun yıxılması yoxdur. Paşinyan yıxılsa, Cənubu Qafqazda müharibə başlayar. Odur ki, bu nə Rusiyanın, nə də İranın marağında deyil...
 
Sultan Laçın
 
Seçilən
30
50
Mənbələr
Şərh ()
Bağla