AZ

İslamabad Strateji Araşdırmalar İnstitutunun direktoru: Sosial media vətəndaşla dövlət arasında körpü olmalıdır

Bakı, 2 may, AZƏRTAC

Bəzi ölkələrdə sosial media müsbət siyasi amil rolunu oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İslamabad Strateji Araşdırmalar İnstitutunun direktoru Sahil Məhəmməd VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilmiş "Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?" mövzusunda panel sessiyada deyib.

Onun sözlərinə görə, bəzən sosial media əsassız məlumatların, kütləvi nifrətin yaranmasına səbəb olur: “Gənclər arasında islamafobiyanın yayılması, terrorizm kimi qlobal problemlərin inkişaf etməsi məhz sosial media ilə birbaşa bağlıdır. Bu kimi halların qarşısını almaq üçün sosial media platformalarına nəzarət etmək lazımdır. Çünki yarana biləcək potensial təhlükə olduqca böyükdür. Sosial media şirkətləri ilə əməkdaşlıq etmək məsələnin həlli istiqamətində ilk addım ola bilər. Şirkətlər öz platformalarına yeni kontent əlavə edərkən ölkələrin mədəniyyəti və dini görüşlərini nəzərə almalıdır. Eyni zamanda, nifrət dolu çıxışlar, saxta xəbərlər dərhal müəyyən edilməli, həmin platformalardan qaldırılmalı, düzgün mexanizmlər yaradılmalıdır. Bir sözlə, sosial media vətəndaşla dövlət arasında körpü olmalıdır”.

 

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla