AZ

Aqrar Sığorta Fondunun ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

Bu ilin yanvar-mart aylarında Aqrar Sığorta Fondu (ASF) tərəfindən sığortalı fermerlərə təsərrüfatlara dəymiş zərərlər üzrə 1 milyon 752 min manat sığorta ödənişi edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləği 2,2 dəfə artıb. Bitkiçilik üzrə sığorta ödənişləri 2,5 dəfə, heyvandarlıq üzrə ödənişlər isə 42% yüksəlib. Sığorta ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

Bu barədə Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyir ki, aqrar sahə böyük olduğu üçün dövlət bu işi özəl sığorta şirkətlərinə həvalə etmir. Buna görə də Aqrar Sığorta Fondunun ödənişləri artır:

“Aqrar Sığorta Fondu fəaliyyətinə yeni başlayır və sığorta ödənişləri dəfələrlə artsa da, bunlar elə də böyük rəqəmlər deyil. Aqrar Sığorta Fondunun fəaliyyətinin genişlənməsində əsas məqsəd fermerlərin risklərinin dövlət tərəfindən sığortalanmasıdır. Aqrar sektor çox riskli sferadır, təbiət hadisələri, oğurluq, fəlakət və s. kimi risklər çoxdur. Bu kimi hadisələr baş verən zamana Aqrar Sığorta Fondu fermerin xərclərini qarşılayır”.

Ekspert deyir ki, aqrar sektorda risklər sığortalandıqca, sahibkarların bu istiqamətdə fəaliyyətə marağı artır: “Ümumiyyətlə, bizneslərlə əlaqəli müxtəlif risklər olur. Risklər böyük olanda, sahibkarın gəlir gözləntisi daha çox olur. Sahibkar daha çox qazanmaq istəyir ki, həmin riskləri qarşılasın. Riski azalanda isə gəlir gözləntisi daha aşağı olur. Kənd təsərrüfatında gəlirlilik yüksək olmadığı üçün aqrar sahəyə olan sığorta ödənişlərinin artması sahibkarların bu sahəyə marağını artırır. Bu formada sektorun inkişafına müsbət təsir göstərə bilər. Amma bu, Aqrar Sığorta Fondunun fəaliyyətinin necə təşkil olunmasından və fermerlərə hansı dərəcədə təsiri olmasından asılı olacaq. Burada maarifləndirmək, inzibatçılıq və digər məsələlər var”.

Əvəz Həsənov

Seçilən
7
1
Mənbələr
Şərh ()
Bağla