AZ

“Araz sahilində doğan günəş” tamaşası ictimaiyyətə təqdim olunub

Naxçıvan, 2 may, AZƏRTAC

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının qələmə aldığı “Araz sahilində doğan günəş” dramı əsasında hazırlanan eyniadlı səhnə əsəri tamaşaçılara təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tamaşadan əvvəl çıxış edən teatrın direktoru, Xalq artisti Rza Xudiyev səhnə əsərinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən hazırlandığını deyib.

Tamaşaya Naxçıvan Muxtar Respublikasında nazirlik və komitələrin məsul vəzifəli şəxsləri, media nümayəndələri, ali və orta təhsil müəssisələrinin müəllim və tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları baxıblar.

“Araz sahilində doğan günəş” tamaşası ötən əsrin əvvəllərindən regionda, eləcə də ölkəmizdə baş verən ictimai, siyasi hadisələr, muxtariyyətin qazanılması uğrunda aparılan mübarizədən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur.

 

 

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla