AZ

Laçına getmək istəyənlərin nəzərinə! – Bir nəfər üçün qiymət açıqlandı

27 aprel 2024-cü il tarixindən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə artıq rəsmi qaydada Laçın şəhərinə də səfər edə bilirlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddətinin isə 2 gün nəzərdə tutulduğu qeyd edilir.

Burada bir neçə sual yaranır: Hazırda orada şərait necədir? Qiymətlər münasibdirmi? Otellərin qiyməti bir nəfər üçün nə qədər təşkil edir? Gün ərzində Laçına neçə nəfər səfər edə bilər? Və nəhayət, limit vamı?

Globalinfo.az-ın sorğusuna cavab olaraq Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən cavab gəlib.

Cavabda Laçın rayonunun turizm baxımından çox böyük potensiala malik olduğu bildirilib.

Məlumata görə, indiyədək müraciətlərdən irəli gələrək aparılmış qiymətləndirilmələrin nəticələrinə əsasən, sakinlərə, şəhid ailələri, qazi və veteranlara fərdi minik avtomobilləri ilə səfər imkanı yaradılıb:

“Xüsusilə cari ilin 27 aprel tarixindən etibarən müəyyən edilmiş mexanizmlər çərçivəsində Laçın şəhərinə fərdi minik avtomobilləri ilə ümumilikdə bütün vətəndaşlar üçün səfər imkanı yaradılıb və bu da öz növbəsində daxili turizmin inkişafına böyük töhfə verəcək. Biz səylərimizi ecazkar təbiəti qoruyaraq infrastrukturun inkişafına və qonaqlar üçün rahat şəraitin yaradılmasına, eləcə də Laçın rayonunun turizm potensialını fəal şəkildə inkişaf etdirilməsi istiqamətində birləşdirmişik. Müəyyən edilmiş 300 nəfərlik aylıq kvota getdikcə artırılaraq mütəmadi olaraq yenilənəcək. Hazırda səfərlər üçün qonaqlama, yerləşmə və qidalanma məsələləri ilə əlaqədar mövcud şəraitin daha da təkmilləşdirilməsi, habelə bu istiqamətdə investorların cəlbi işi də prioritetlər sırasındadır”.

Qurum qiymətləri açıqlayıb:

“Laçın şəhərində 3 restoran (“Tree House”, “Baba”, “Laçın”) və 3 otel (“Abdallar”, “Lachİnn”, “Həkəri”) mövcuddur. Otellər prefabrik evlərdir. Bir nəfər üçün qiymət 50 AZN təşkil edir və ən əsası da tələblərə cavab verən şəkildə qurularaq istifadəyə verilib. Laçına səfər üçün icazəni “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Bu unikal məkanı ziyarət etmək hər bir Azərbaycanlı üçün unudulmaz olacaqdır”.

İqtisadçı Natiq Cəfərli səfərlərə marağın çox olacağını bildirib.

Onun sözlərinə görə, daha çox maraq isə ilkin mərhələdə olacaq:

“Hazırda orada infrastruktur o qədər də güclü inkişaf etməyib, çoxlu sayda qonaqlamaq yerləri yoxdur. Ona görə də qiymətlər çox bahadır. Bu da tələb və təklif məsələsidir. Tələb çoxdur, lakin təklif də çoxalsa, yerlər açılsa, düşünürəm, gələcəkdə qiymətlərin tənzimlənməsinin şahidi ola bilərik. Amma istənilən halda ilkin mərhələdə tələb yüksək olsa da, təəssüf ki, qiymətlərin də yüksək olduğunu demək olar”.

Nəqliyyat eksperti Aslan Əsədovun fikrincə, vətəndaşların işğaldan azad olunmuş ərazilərə şəxsi avtomobillərlə getməsi böyük maraq kəsb edir:

“Hər kəs gedib, o əraziləri görmək istəyir, çünki bu, qürur məsələsidir. Bildiyimiz kimi, işğaldan azad olunan ərazilərdə hazırda infrastruktur aşağı səviyyədədir, lakin işlər görülür. Məsələn, Şuşa şəhərində “Qarabağ”, “Şuşa” oteli və digər otellər mövcuddur. Düzü, orada olan qiymətlərdən məlumatım yoxdur. Amma müharibədən çıxmış ərazi olduğu üçün gedib, orada əsas gecələmək, ərazini səyahət etmək olar. Bu gün yüksək komfortdan söz açmaq hələ tezdir”.

Ekspert deyib ki, Laçın şəhəri, Suqovşan qəsəbəsi və digər ərazilərdə də infrastruktur qurulur, layihələr icra edilir:

“Hazırda dövlətimiz Laçın şəhərinə böyük köç planının icrası ilə məşğuldur. Gələcəkdə evlərin kirayə verilməsi, mini otellərin, otel və motellərin istifadəyə verilməsi vacib elementlərdən biri olacaq. Qiymətlərə gəldikdə isə müxtəlif olması mümkündür. Kimsə yay vaxtı səfər edən zaman şəxsi avtomobilində və ya çadır qurub orada gecələyə bilər. Bu gün qarşıya qoyulan konkret məqsəd var. Məqsədə nail olmaq üçün də müəyyən əzab-əziyyətə qatlaşmaq lazımdır”.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla