AZ

Elman Nəsirov: “Guya Azərbaycan iqtidarı müxalifətin şəhərin mərkəzində mitinq keçirməsindən qorxur"

"Azərbaycanın radikal müxalifəti mitinq oyununa başlayıb. Niyə "oyun" deyirəm? Çünki özləri də gözəl bilirlər, mitinq keçirmək üçün heç bir sosial bazaları yoxdur, sadəcə, şəhərin mərkəzində mitinq keçirmək ideyasını ortaya atmaqla fon yaratmaq istəyirdilər ki, guya əhalinin sıx olduğu yerə toplaşanların hamısı mitinq iştirakçılarıdır. Belə bir görüntü yaratmaq istəyirdilər. Bu dəqiqə şəhərimizin mərkəzi hissələrində əhali sıx şəkildə hərəkətdədir, gündəlik fəaliyyətini həyata keçirir. Müxalifət də məhz ora can atır. Halbuki qətiyyən o insanların mitinqə dəxli yoxdur. Müxalifət istəyir, kənardan kadrlar çəksin ki, baxın, bu insanlar mitinq iştirakçılarıdır. Öz sahiblərinə həmin kadrları göndərib demək istəyirlər ki, "gördünüz, necə böyük mitinq keçirdik, bunun qarşılığında pulumuzu göndərin". Mahiyyət bundan ibarətdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

 

Deputat bildirib ki, Azərbaycan dövləti demokratik xətt seçib, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir: "Əhalinin təhlükəsizliyi və asayişinin  qorunması bizim üçün prioritet məsələdir. Buna görə də istəmirik ki, radikal müxalifətin keçirdiyi mitinqlər nəticəsində insanların istirahət hüququ pozulsun, təhlükəsizliyinə, asayişinə təhdidlər yaransın. Qaradağ Bakının ən böyük rayonudur. Bakının 51%-i bu rayonun payına düşür. Qaradağda mitinq keçirmək üçün ayrılan əraziyə şəhərin mərkəzindən olan məsafə bir neçə kilometr təşkil edir. Rahat şəkildə müxalifət orada mitinqini keçirə bilər. Sual yaranır ki, o mitinqi kiminlə keçirəcəkdi? Kim onların ardınca gedəcəkdi? Qohum-əqrəbalarından, kiçik qruplaşmalardan başqa heç kim o mitinqə qatılmayacaqdı. Kənardan gülünc vəziyyətə düşəcəkdilər. Buna görə də şəhərin mərkəzini seçməyə çalışırdılar, bulanıq suda balıq tutmaq siyasətini həyata keçirirlər. Hətta bir az da irəli gedib söyləyirlər ki, guya Azərbaycan iqtidarı onların şəhərin mərkəzində mitinq keçirməsindən qorxur. Şəhərdən kənarda mitinq keçirməyə qorxan sizsiniz. Qorxursunuz ki, mitinqə heç kim gəlməyəcək. İqtidarın sizdən heç bir qorxusu yoxdur. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın daxilində dövlət, dövlətçilik üçün heç bir təhdid yoxdur. Bizim təhdid mənbəyimiz sərhəddə və ideoloji sahədə ola bilər. Bunların isə hamısı xaricdəndir. Özlərindən "qəhrəman" obrazı formalaşdırırlar. Güclüsünüz? Doğrudan da, arxanızda güclü sosial baza var? İnsanlar sizi dəstəkləyir? Onda bir neçə kilometr məsafəni qət edin, gedin, Qaradağ rayonu ərazisində, Lökbatanda mitinq keçirin də! Bax, niyə keçirmirsiniz? Niyə sosial bazanız yoxdur? Niyə xalq arxanızca getmir? Bu sualların cavabını tapanda siz daha düzgün qərarlar qəbul edəcəksiniz...” 

 

Aytəkin Qardaşova 

Tarix: 2 May 2024, 14:15   
Seçilən
17
Mənbələr
Şərh ()
Bağla