AZ

Əgər Ermənistan səmimidirsə, de-yuri də bu proseslərə sadiq olduğunu nümayiş etdirməlidir – Xəyal Bəşirov

Azərbaycan Ermənistanla keçmiş münaqişənin bir zərrəsinin belə qalmaması istiqamətində addımlar atır. Və Prezident İlham Əliyev bu təşəbbüsü üzərinə götürüb ki, o, gələcək nəsillərə özündən sonra münaqişəni, qarşıdurmanı və yaxud müharibəni, ərazi iddialarını deyil, sülhü, təhlükəsizliyi, sabitliyi, qarşılıqlı əməkdaşlığı, hətta Ermənistan düşmənçilik siyasətindən əl çəkəcəksə, dostluğu belə miras qoymağa çalışır.

Bu fikirləri Herbiand.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov söyləyib. Politoloq bunun böyük bir təşəbbüs olduğunu deyir. Və düşünür ki, əgər biz faktiki olaraq Ermənistanla de-fakto sülh əldə ediriksə, bunun de-yuri tərəfi də olmalıdır:

“De-fakto olaraq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib. Artıq Azərbaycanla Ermənistan arasında postmünaqişə dövrünə aid olan problemlərin həlli istiqamətində çox ciddi addımlar atılır. Sərhədlərin delimitasiya məsələsi belə həllini tapmaqdadır. Əgər bu sərhədlər delimitasiya olunursa, bu prosesin məntiqi davamı kimi demarkasiya prosesi də həyata keçiriləcəksə və bu digər tərəflərin iştirakı olmadan, yəni üçüncü, dördüncü tərəflərin vasitəçiliyi olmadan qarşılıqlı şəkildə Ermənistanla birlikdə həyata keçirilirsə, buna hüquqi dəyər verilməlidir. Bunun hüquqi əsasları olmalıdır və bu qanunvericilik baxımından da möhkəmləndirilməlidir. Bu, həm Azərbaycan, həm Ermənistan tərəfindən olmalıdır. Azərbaycan tərəfindən Ermənistana qarşı hər hansı bir ərazi iddiaları yoxdur. Azərbaycan qanunvericiliyində, Azərbaycan Konstitusiyasında Ermənistandan fərqli olaraq, onlara qarşı hər hansı bir ərazi iddialarını özündə ehtiva edən maddə yoxdur. Amma Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb”.

SHAM sədrinin sözlərinə görə Ermənistan öz konstitusiyasında bunun öz əksini tapmadığını qeyd edə bilər. Lakin konstitusiyanın preambula hissəsi var:

“Həmin hissədə Ermənistanın Sovet İttifaqından ayrıldıqdan sonra müstəqillik elan etmək haqqında bəyannaməsi var. Bu bəyannamədə Azərbaycanın Qarabağ və digər əraziləri ilə bağlı iddialar öz əksini tapıb. Əgər Ermənistan konstitusiyasının preambulasına istinad olunmuş həmin o müstəqillik haqqında bəyannaməyə və konstitusiyanın həmin preambula hissəsinə dəyişiklik etməyəcəksə, bu, ondan xəbər verəcək ki, Ermənistan bu gün Azərbaycanın gücünə, Azərbaycanın üstünlüyünə, Azərbaycanın qələbəsinə tabe olub məcburən bu prosesi həyata keçirir. Əslində, Ermənistan səmimi olaraq sülhün tərəfdarı deyil. Yəni bizim qənaətimiz bu olacaq ki, Ermənistan bizim gücümüzə tabe olub, bizim gücümüzün qarşısında baş əyib məcburi şəkildə bu prosesi reallaşdırır. Əgər Ermənistan bunu təkzib edirsə, bu şəkildə yanaşmırsa, səmimi yanaşırsa, o halda düşünürəm ki, Ermənistan de-yuri də bu proseslərə sadiq olduğunu nümayiş etdirməlidir”.

SHAM sədri qeyd edir ki, Prezident İlham Əliyev dəfələrlə bununla bağlı mövqe bildirib:

“Cənab Prezident qeyd edib ki, düşmənçilik siyasətindən, ərazi iddialarından, Cənubi Qafqaz regionunda münaqişədən əl çəkən Ermənistanın konstitusiyasında bu müddəa öz əksini tapmamalıdır, bu məqam əks olunmamalıdır. Əgər Ermənistan həqiqətən də referendum keçirərək konstitusiyasında dəyişiklik edəcəksə, bu halda biz Ermənistanın səmimiyyətinə inanacağıq və artıq Azərbaycanla Ermənistan arasında de-fakt olduğu kimi de-yuri də yeni bir mərhələ başlayacaq”.

SHAM sədri bütün məqsədlərin buna hesablandığını vurğulayıb:

“Azərbaycan bu məsələdə tam haqlıdır. Əgər Ermənistan tərəfi bu məsələdə addım atmayacaqsa, o halda bizim Ermənistanla sülh prosesimiz natamam qalacaq. Hətta sülh sazişi imzalansa belə, biz həmişə Ermənistanın Azərbaycana qarşı hər hansı bir ərazi iddiaları olacağı ilə bağlı məqamları ortaya qoyacağını gözləməliyik. Və düşünürəm ki, bu gün Paşinyan hakimiyyəti əbədi deyil. Bir gün o da hakimiyyətdən gedəcək. O zaman heç kim əmin ola bilməz ki, növbəti Ermənistan hakimiyyəti revanşist qüvvələrdən olmayacaq. Və yaxud revanşist qüvvələrin təsiri altında, erməni diasporu və lobbi təşkilatlarının təzyiqi altında hansısa bir addım atmayacaq. Düşünürəm ki, bütün bunların qarşısını almaq üçün Ermənistan xalqı, Ermənistan cəmiyyəti bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Ermənistan cəmiyyətinin bu məsələdə mövqeyi yalnız ümumxalq səsverməsi və konstitusiyaya dəyişiklik edilməsindən keçir”.

Elnurə İSAXAN

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla