AZ

Gürcüstan demokratiyası risk altındadır-ABŞ səfirliyi

ABŞ-ın Gürcüstandakı səfirliyi hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı bəyanat yayıb.

“İki sahil” xəbər verir ki, diplomatik nümayəndəliyin bəyanatında parlamentin ikinci oxunuşundan keçmiş “xarici təsir” qanununun Kremldən ilhamlandığı qeyd edilib. Səfirlik sözügedən qanun layihəsini və hökumət rəsmilərinin qanunu müdafiə etmək naminə səsləndirdikləri “saxta narrativ”i qınadığını bəyan edib.

“Bu qanun və “Gürcü Arzusu”nun anti-Qərb ritorikası Gürcüstanı təhlükəli trayektoriyaya gətirib. Gürcüstan hökumətinin bəyanatları və əməlləri Aİ və NATO üzvlüyü üçün zəruri olan demokratik dəyərlərə uyğun gəlmir, ona görə də Gürcüstanın Avro-Atlantik inteqrasiyasını təhlükəyə atır”, - bəyanatda qeyd olunub.

Bəyanatda qeyd olunub ki, hakimiyyət rəsmilərinin ötən 32 il ərzində Gürcüstan iqtisadiyyatının, demokratiyasının gücləndirilməsinə, Rusiyanın təcavüzdən çəkindirilməsinə ayrılmış xarici yardımları səhv səciyyələndirməsi ABŞ-ın Gürcüstan xalqı və hökuməti ilə inkişaf etdirdiyi güclü münasibətləri baltalayır.

“Biz Gürcüstan xalqının və onların səslərini eşitdirmək haqlarının yanındayıq. Biz dinc nümayişçilərə, həmçinin nümayişləri işıqlandıran jurnalistlərə qarşı zor tətbiq edilməsini qınayırıq. Sərbəst toplaşmağı və söz azadlığını boğmaq üçün güc tətbiqi qəbuledilməzdir və biz rəsmiləri qeyri-zorakı etirazçılara öz ifadə azadlığından istifadə etmələrinə imkan verməyə çağırırıq”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, Böyük Britaniyanın Gürcüstandakı səfirliyi də bəyanat yayaraq hadisələri yaxından izlədiklərini bəyan edib. Qeyd olunub ki, Gürcüstan xalqı Avro-Atlantik ailəsinin üzvü olmaq istəyini ucadan və aydın şəkildə dilə gətirir.

“Onların səsi eşidilməlidir. Onların sərbəst toplaşmaq hüququna hörmət edilməlidir”, - Britaniya səfirliyinin bəyanatında vurğulanıb.

Seçilən
78
50
Mənbələr
Şərh ()
Bağla