AZ

“Uşaqlar turnirdə gözlədiyimdən zəif çıxış etdi” - Yadullayev Marset Akademiyasından gələnlərdən də narazıdı

Ölkəmizin U-17 yığması bu il ikinci dəfə Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf turnirində uğursuzluğa düçar oldu.

Belə ki, Belarusa (0:4) və Özbəkistana (0:2) uduzan yeniyetmələr yalnız Taciksitan üzərində penalti seriyasında (əsas vaxt 2:2) qələbə qazana bildi. Yeganə fərq isə ondan ibarətdi ki, fevraldakı turnirdə millimiz bütün görüşlərdə həmyaşıdlarına məğlub olmuşdusa, bu dəfə çətinliklə bir dəfə qalib gəlməyi bacardı. Mayın 3-də isə növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Komanda ətrafındakı durumu öyrənmək üçün U-17-nin baş məşqçisi İlham Yadullayevlə söhbətləşdik:

“Ümumi durum barədə onu deyə bilərəm ki, uşaqlar turnirdə gözlədiyimdən zəif çıxış etdi. Yaxşı nəticə qazanağımıza inanırdım. Ancaq reallıq odu ki, bacarmadıq. İkinci dəfə Belarusda belə turnirdə iştirak edirik. Birinci turnirə baxanda bu dəfə nəticə nisbətən yaxşı oldu. Çünki birinci turnirdə bütün oyunlarda məğlub olaraq sonuncu pilləni tutduq. Bu turnirdə isə uşaqlar əzmkarlıq göstərdi, baxımlı oyun nümayiş etdirdi. Oyundan-oyuna futbolçuların performansı yaxşılaşırdı. Taciklərlə görüşümüzdə də bunu gördük. Hesabda iki dəfə önə keçdik. Ancaq oyun heç-heçə bitdi. Reqlamentə görə oyun baça çatandan sonra penalti seriyası baş tutdu və biz qalib gəldik. Belarusa ilk matçda böyük hesabla məğlub olmağımız bizə çox təsir etdi. Futbolçularımız belə turnirlərdə çox iştirak etməlidi. Sırf milli yox, istəyərdim ki, klublarla da iştirak etsinlər, təcrübə toplasınlar. Onda futbolçular yığmaya gələndə bizim üçün də asan olacaq ki, belə beynəlxalq oyunları çox keçiriblər. Özbəkistanla ikinci matçda uşaqlar pis təsir bağışlamadı. Hətta ilk hissədə üç dəfə yüzfaizlik qol imkanı yaratdıq. Çox təəssüf ki, bunlardan yararlana bilmədik. Həm də ilk dəqiqələrdə standart vəziyyətdən buraxdığımız qol bizi irəli atılmağa, hesabı bərabərləşdirməyə məcbur edirdi. Bunun nəticəsində isə sonuncu, yəni 90-cı dəqiqədə əks-hücumdan qol buraxdıq. Söylədiyim kimi üçüncü qarşılaşmada uşaqlar istədiyimizi tam ortaya qoydu. Doğrudu, fiziki cəhətdən çox şey gözləyirdik ki, artırsınlar. Əsasən də təkbətək mübarizələrdə, sürətdə, belə komponentlərdə daha çox çalışmalıyıq. Ən önəmlisi də standart vəziyyətlərdə. Beləcə turniri başa vurduq. Yaxşı cəhətlərdə var, lakin işimiz çoxdu. İnşallah, gələcəkdə səhvlərimizi ortadan qaldıracağıq”.


Gənc mütəxəssis İspaniyada – Marset Akademiyasında çıxış edən və turnir üçün milliyə çağrılan futbolçularla bağlı da fikirlərini bölüşdü:

“Bəli, İspaniyadan gəlib bizə qoşulan futbolçularımız da var idi. Onlardan beşini turnirə aparmışdıq. Deyərdim ki, onlardan gözləntilərim çox idi. Doğrudu, uzun müddətdi orda deyillər. Təxminən 4-5 ay olar. Ancaq mental cəhətdən uşaqlarda bir az inam olmasını istəyərdim. Orda müxtəlif rəqiblərlə müarizə aparır, fərqli millətlərin nümayəndələriylə qarşılaşırlar. Bizim çatışmayan cəhətlərdən biri də sırf budu. Yəni bizim oyunçular xaricə çıxmır, beynəlxalq oyunlarda iştirak etmirlər. Bu üzdən düşünürdüm ki, orda oynayan uşaqlar həmin cəhətdən üstün olacaq. Amma nədənsə bu məsələdə onlar seçilmirdilər. Aralarında yaxşı çıxış edənlər də var idi. Ancaq ümid edirəm ki, gələcəkdə beynəlxalq oyunlar təcrübəsi toplayıb bizə kömək edə biləcəklər”.

Yadullayev yığmaya dəvət olunanlar arasında ölkədə çıxış edənlərdən razıdı:

“Ölkədə çıxış edən futbolçulardan narazılığım yoxdu. Onların da həm üstün, həm də zəif cəhətləri var. Zəif cəhətləri fiziki durum və təcrübəsizlikdi. Amma bu kollektivə, bu turnir üçün yeni oyunçular dəvət etmişdik. Onlar da özlərini yaxşı tərəfdən göstərməyi bacardılar”.


KAMAL SƏFƏR
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla