AZ

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİHəbib Rəhimli

Bakı, 2 may, Səbinə Mütəllim-zadə, AZƏRTAC

AZƏRTAC beynəlxalq müsabiqələrin laureatı olan Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin 9-cu sinif şagirdi, saksofon ifaçısı, bir çox respublika və beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı Həbib Rəhimlidir.

Həbibin 14 yaşı var. O, Mirzə Xosrov Axundov adına 102 nömrəli orta məktəbin IX sinif şagirdidir, ingilis dilini öyrənir, həmçinin yapon dili və yapon mədəniyyətini öyrənməyə marağı var. İstedadlı saksofon ifaçısı riyaziyyat, məntiq, kompüter elmlərini və şahmatı xüsusilə sevir. Həbibin səkkiz yaşı tamam olduqda, onun musiqiyə həvəsini kəşf edən valideynləri uşağı musiqi məktəbinə yazdırmağa qərar veriblər. Musiqi məktəbinin direktoru Məmməd Quliyevin tövsiyəsi ilə o, nəfəs alətləri (saksofon) sinfinə yönləndirilib.

“Mən çox xoşbəxtəm ki, vaxtında belə düzgün seçim edilib, - deyə Həbib bildirir. - Saksofon aləti ilə ilk tanışlığım və bu alətdə milli və xarici bəstəkarların əsərlərini dinləməyim müəllimim Füzuli Məmmədovun sayəsində oldu. Əminliklə deyə bilərəm ki, Füzuli müəllimin təmkinli, təcrübəli və sevgi dolu dərs metodikası mənim musiqiyə həvəsimi daha da artırdı”.

Həbibin iştirak etdiyi və qalib gəldiyi çoxsaylı müsabiqələr bu sözlərin bariz nümunəsidir. Belə ki, 2019-ci ildə gənc saksofonçu ilk dəfə olaraq 3-cü yerə layiq görüldüyü müsabiqədə iştirak edib. Söhbət Azərbaycan və Gürcüstanın birgə layihəsi olan “Future Stars” beynəlxalq müsabiqəsindən gedir.

“İlk müsabiqələr daha çox yadda qalır və həyəcanverici olur, - deyə Həbib danışır. - Deyə bilərəm ki, ilk dəfə beynəlxalq tərkibli münsiflər heyəti qarşısında çıxışım zamanı Füzuli müəllim və ailəmin dəstəyi həm qürurverici oldu, həm də mənə məsuliyyətimin ağırlığını hiss etdirdi”.

2020-ci ildə, COVID-19 pandemiyası dövründə Həbib Türkiyə dövlətinin təşkil etdiyi “Evde Sanat var” onlayn beynəlxalq musiqi müsabiqəsində iştirak edib və münsiflər heyətinin özəl mükafatına (Jury Special Prize) layiq görülüb. O, həmin il 9 Maya həsr olunmuş “Qələbə Günü” adlı müsabiqədə birinci dərəcəli diplom alıb.

“Müsabiqələr içərisində ən yaddaqalanlardan biri isə 2022-ci ildə “Könlüm keçir Qarabağdan” adlı Respublika İncəsənət Festivalı müsabiqəsində birinci yerə layiq görülərək Fəxri fərmanla təltif olunmağım idi, - deyə Həbib xatırlayır. – Mən milli musiqi beşiyimiz olan Şuşamıza səfər edən qaliblər sırasında oldum və bu səfər məndə çox dərin təəssürat yaratdı. Belə ki, Şuşanı canlı görmək, Cıdır düzündə saksofonda milli Himnimizi ifa etmək, bu şəhəri azad edən igidləri hörmətlə anmaq məndə unudulmaz və dərin hisslər yaratdı. Müsabiqə zamanı, həmçinin ölkəmizin müxtəlif musiqi məktəblərinin şagirdləri ilə ünsiyyət qurmaq fürsəti yarandı və yeni dostlar qazandım. Festivalda bizə dəstək verən elm və təhsil naziri Emin Əmrullayevlə də görüşmək və ona saksofonda “Vətən” marşını ifa etmək şansım oldu”.

2023-cü ildə saksofon ifaçısı Böyük Britanıyanın dünyaca məhşur “Golden Time Talent” onlayn beynəlxalq müsabiqəsində üç ayrı əsərlə (Paul Agricole Geninin “Variations sur un theme espangnol”, Marsel Perrinin “Gypsy Fantasy” və Nazim Əliverdibəyovun “Elegiya”) iştirak edib. Hər bir əsər üç kateqoriyada ayrı-ayrılıqda birinciliyə layiq görüldü. Ən önəmlisi isə dünyanın müxtəlif ölkələrindən qatılan müsiqiçilər sırasında ən yaddaqalanlar haqqında münsiflər heyəti tərəfindən ayrıca videoşərhlər hazırlanıb, Həbibin ifa tərzinin xüsusilə bəyənildiyi qeyd edilib. Qeyd edilən müsabiqədə Azərbaycanın Əməkdar artisti, pianoçu Emil Əfrasiyab da iştirak edib və böyük uğur qazanıb.

Bundan əlavə, 2023-cü ildə gənc musiqiçi İspaniyanın “World Art Games” onlayn beynəlxalq müsabiqəsində birinci yerə, həmin il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş IV Respublika müsabiqəsində ikinci yerə layiq görülüb. Həmçinin ABŞ-ın “American Edition” onlayn beynəlxalq müsabiqəsinə də qatılıb və birincilik əldə edib.

“Gələcəklə bağlı planlarım çoxşaxəlidir, - deyə Həbib bölüşür. - Hələ də peşə seçimi etməyə tələsmirəm və səbirlə istəklərimin kəşfinə yönəlmiş addımlar atmağa davam edirəm. İnanıram ki, seçimin nə olursa olsun, ailəm tərəfindən dəstəklənəcəkdir. Mənim həm musiqi, həm də riyaziyyat və kompüter elmlərinə meyilim olduğundan düşünürəm ki, hər iki sahəni birlikdə apara bilərəm. İrəlidə məni yeni müsabiqələr, hədəflər və həyəcan gözləyir. Gələcəkdə böyük musiqi səhnələrində ölkəmizi təmsil etmək istəyirəm və bu arzumun gerçəkləşməsi istiqamətində çox çalışacağam”.

Söhbətdə Həbibin müəllimi Füzuli Məmmədov da iştirak edir. O, şagirdi barədə deyir: “Həbiblə ilk tanışlığımızda onun çox dəcəl, hər şeylə maraqlanan və musiqi duyumunun çox güclü olduğunu kəşf etdim. Əminliklə deyə bilərəm ki, nəfəs alətlərində ifa xüsusi istedad və səbir tələb edir. Həbibin səhnəyə ilk çıxışını xatırlayıram, ifa etdiyi saksofonla eyni ölçüdəydi (Gülür). Bu, auditoriya tərəfindən çox xoş qarşılandı. Həbib isə həyəcanlı olsa da, özünü çox sakit apararaq ifasını müvəffəqiyyətlə başa vurdu”.

Füzuli müəllimin sözlərinə görə, Həbiblə birlikdə ilk gündən səhnə mədəniyyətinə xüsusi önəm veriblər. Müəllim hesab edir ki, səlis ifa ilə yanaşı, səhnə mədəniyyəti də çox mühümdür.

“Həmçinin milli və xarici bəstəkarların əsərlərinin ifasında olan incə məqamların - məsələn, muğamın saksofonda ifa edilməsi çətindir- saksofon üzərindən təsnifatına uzun müddətli çalışmalar nəticəsində mükəmməl nəticə əldə etmək üçün səbirlə birgə işləməyi öyrəndik”, - deyə müəllim vurğulayır.

Füzuli müəllim deyir ki, bir pedaqoq kimi özü də gənclərdən yeniliklərə açıqlığı öyrənib və Həbib onu bu yeniliklərlə tanış edən şagirdlərindən biridir.

“Həbib bu gün 14 yaşındadır və onun uşaqlıqdan gəncliyə keçid dövrü gözümün qarşısında baş verməkdədir, - deyə Füzuli müəllim qeyd edir. - Ümid edirəm ki, onun daha yüksək nailiyyətlərini görmək imkanım olacaq”.

 

 

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla