AZ

"Regionlarda imtahan zamanı şagirdlərə kömək edilir" - İDDİA

“Abituriyentlər hazırkı təhsil proqramı əsasında ali təhsil müəssisələrinə qəbul ola bilmədikləri üçün məcbur qalıb 5-6 illik materialı hazırlıq kurslarında, repetitor yanında əldə etməyə çalışırlar. Belə olduqda onlar məktəbdə əlavə vaxt itirməmək üçün adlarını rayon, ucqar kənd məktəblərində qeydiyyata aldırırlar. Özləri isə paytaxtda olan hazırlıq kurslarında, repetitor yanında ali məktəbə hazırlaşırlar. Sabah nəticələr elan olunanda hansısa hazırlıq mərkəzinin, repetitorun adı deyil, konkret olaraq abituriyentin qeydiyyatda olduğu məktəbin adı çəkilir. Digər təəssüfləndirici məqam ondan ibarətdir ki, bəzi ərazilərdə şagirdlərə müəyyən şəxslər tərəfindən köməklik göstərilməsinə cəhdlər olunur. Bu, əsasən, regional təhsil idarələrinin formalaşmasından sonra baş verir. Sanki hansısa bir regionda regional təhsil idarəsinin rəhbəri daha çox çalışır və onun yaxşı çalışmasının nəticəsidir ki, şagirdlər daha yüksək nəticələr göstərirlər. Bu da təbii ki, imtahan nəticələrinə təsir göstərmiş olur. Bir də görürsən ki, hansısa bir regionda daha yaxşı nəticələr qeydə alınır. Fikrimcə, bu məsələyə də ciddi yanaşılmalıdır”.





Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, şagirdin qeydiyyatda olduğu məktəbdə əlavə dil kimi fransız dili keçilir, amma şagird buraxılış və qəbul imtahanlarında ingilis dilindən maksimum nəticə göstərir:

"Onda ortaya belə bir sual çıxır. Bəs, uşağa həmin məktəbdə ingilis dilini kim tədris edib? Belə və buna bənzər faktlar çoxdur. Bu faktlar hər kəsə, hətta müvafiq qurumlara da məlumdur. Amma o qurumlar tərəfindən bu kimi hallara göz yumulur. Digər bir məqam isə direktorların bu məqamdan istifadə edib gəlir əldə etməsidir. Bəzi rayon, kənd məktəblərinin direktorları şagirdlərin valideynlərindən aldığı vəsait hesabına uşağın adını təhsil müəssisəsinə qeydiyyata salır. Uşaq özü paytaxtda hazırlıq keçir, amma adı rayon məktəbində gedir. Sabah da Dövlət İmtahan Mərkəzi nəticələri elan edəndə deyirlər ki, bu rayonun şagirdlərinin nəticələri yüksəkdir. Əslində isə bu belə deyil”.

Ekspert qeyd edib ki, Konstitusiyaya görə icbari təhsil pulsuzdur. Şagird 9-cu sinifi bitirənə qədər pulsuz təhsil almalıdir:

“Hesab edirəm ki, əgər şagird ali təhsil istiqaməti üzrə hazırlaşmaq istəyirsə, 10 və 11-ci sinifi təhsil müəssisəsində konkret hazırlıq keçməlidir. Bunu da ödənişli əsaslarla etmək lazımdır ki, müvafiq olaraq fəaliyyət göstərən təhsil müəssisələri bir-biri ilə rəqabət apara bilsinlər. Əgər şagirdlər 10-11-ci sinifləri orada konkret ali təhsil müəssisələrinə hazırlaşarlarsa, müvafiq ödəniş ödəsinlər. Necə ki, repetitor yanına gedib ayda 600-700 manat ödəyirlər, burada da elə olsun. Təhsil müəssisəsi də bunu nəzərə alıb məktəbin perespektivli müəllimlərini toplayıb konkret istiqamətlər üzrə şagirdlərə təhsil verərlər. Belə olduğu halda təhsili məktəbə qaytarmaq və repetitorluğun qarşısını müəyyən qədər almaq olar. Sabah da hansı məktəbin şagirdlərinin real neçə bal topladığını müəyyən etmək olar. Həmçinin əgər məktəb rəhbərlərinə ciddi tapşırıq verilsə və mütəmadi olaraq yoxlamalar aparılsa, belə faktların qarşısını almaq olar. Direktor bilsə ki, məktəbə kənar uşaq götürmək, uşağı başqa məktəbə köçürmə halları qadağandır, onu müvafiq cəza gözləyir, o zaman qanunsuz fəaliyyətə yol verməz”.

Sevinc,
BakuPost
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla