AZ

PSJ-nin avtobusu Dortmund stadionunu Mbappesiz tərk edib

PSJ-nin avtobusu Çempionlar Liqasının yarımfinalında “Borussiya” ilə ilk oyundan (0:1) sonra Dortmund stadionunu Kilian Mbappesiz tərk edib.

Arena.az bu barədə “Footmercato” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, fransalı ulduz hücumçu oyundan sonra dopinq müayinəsindən keçməli olub və bu səbəbdən komanda ilə birlikdə klub avtobusunda yola düşə bilməyib. Daha sonra şəxsi avtomobili ilə özünü hava limanına çatdırmış Mbappe komanda yoldaşlarına qoşulub.

Yeri gəlmişkən, fransalı ulduz hücumçu oyun barədə də fikirlərini qısaca ifadə edib:

“Yalnız vaxtın yarısı. Sonrakı – Parisdir”, deyə Mbappe hər şeyin cavab oyununda həllini tapacağını vurğulayıb.

Xatırladaq ki, cavab oyunu çərçivəsində PSJ “Borussiya”nı mayın 7-də Parisdə qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 43 qol vurub, 10 məhsuldar ötürmə verib.

Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 305 oyun, 255 qol, 108 məhsuldar ötürmə.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla