AZ

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən növbəti layihənin icrasına başlanılıb.

Valyuta.az xəbər verir ki, “Koroğlu” metrostansiyasının cənub çıxışında nəqliyyat mübadilə məntəqəsinin yaradılması ilə bağlı AYNA tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.

Sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi üçün icrasına başlanılan layihəni zəruri edən bir neçə amil var. Aparılan təhlillər göstərir ki, hazırda Bakıətrafı kənd və qəsəbələrə getmək istəyən sərnişinlər “Koroğlu” metrostansiyasının şimal çıxışında yerləşən mövcud avtobus dayanacaq məntəqəsinə çatmaq üçün 5-8 dəqiqə vaxt sərf edir. Bu da sərnişinlər üçün əlavə vaxt itkisidir. Eyni zamanda metrostansiyanın qarşısında şəxsi maşınlarla sərnişin daşınır ki, bu da nəqliyyat sıxlığı yaradır.

Bütün bunları nəzərə alaraq, sərnişinlərin ictimai nəqliyyat növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın yaradılmasına başlanılıb.

Beləliklə, görüləcək işlər çərçivəsində:

- metrostansiyasının cənub çıxışında (Milli Gimnastika Arenasının qarşısı) dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılacaq;

- minik avtomobilləri üçün “park and ride” tipli parklanma yerləri təşkil ediləcək;

- taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın duracaq yaradılacaq;

- elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri quraşdırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
43
Mənbələr
Şərh ()
Bağla