AZ

“Xameneinin bu məsələdə iradı yersizdir” - Sədrəddin Soltan

İranın ali lideri Əli Xamenei Təbrizdə yerli kitab satıcısına Azərbaycan dilindən düzgün istifadə edilməməsinə görə irad tutub. Sosial şəbəkələrdə yayılan görüntülərdən Xameneinin bir kitaba baxış keçirdiyini görmək mümkündür. Bu zaman “mən” sözünün “men” yazıldığını görən İranın ali lideri deyib: “Burada “mən” olmalıdır. Bütün Təbriz “mən deyir”, burada isə “men” yazılıb. Kitab satıcısı isə vəziyyəti fars dilinin fonetikasının xüsusiyyətləri ilə izah etməyə çalışsa da, daha sonradan Xamenei ilə razılaşıb.

Xameneinin bu irad səmimi idi, yoxsa hansısa görüntü yaratmaq məqsədi daşıyırdı?

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Herbiand.az-a bildirib ki, İranın ali lideri Əli Xamenei türk olduğunu, türk dilini bildiyini və türk dilinə sayğıyla yanaşdığını nümayiş etdirmək üçün belə düşünülmüş bir oyunda iştirak edib:

“Yəni, Xamenei bununla Azərbaycan türkcəsini Türkiyə türkcəsindən qoruyur. Yəni, niyə “mən” yazmamısan, “men” yazmısan. Ancaq ali liderin bunu deməyə heç bir formada ixtiyarı yoxdur. Çünki o kitabı yazan və satan həmin dildə təhsil almayıb. Onun “mən” ya da “men” yazmasının da heç bir fərqi yoxdur. Əgər İranda Azərbaycan türkcəsində təhsil olsaydı və həmin kitabı yazan, çap edən və satan Azərbaycan dilində təhsil alsaydı onda həmin satıcıdan və yazandan sözün səhv yazılmasını tələb etmək olardı. Bu halda İranın ali liderinin yamağı görünür. O, etmədiyi və əsaslı olmayan bir məsələ ilə bağlı irad tutur”.

Sədrəddin Soltanın sözlərinə görə, o məsələyə irad tutarlar ki, həmin məsələnin doğrudan da əsası var, xüsusilə elmi sahədə:

“Əgər bu dil tədris olunmursa onunla bağlı insanlara hansı irad tutula bilər? İranda türk dilini hərə iki formada öyrənir - evdə, ya da televiziyada. Məsələn, biri Türkiyə televiziyalarına baxır və buna görə də türk dilində danışır. Ya da Azərbaycan televiziyalarına baxır və Azərbaycanla əlaqələri var. Buna görə Azərbaycan türkcəsində danışır və bu dilin təsiri altında yazır. Ona görə Xameneinin bu məsələdə iradı yersizdir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla