AZ

Əgər Qərbin özündə belə bir şey mümkün deyilsə, onda…-Elçin Xalidbəyli- ÖZƏL

"Əvvəllər ABŞ və Qərbin müdaxilə etdiyi ərazilərdə, dövlətlərdə daxili münaqişələrin baş verməsindən danışılarkən İraq və Suriya misal göstərilirdi. İndi bu örnəklər artıq daha da regiona yaxınlaşıb, hətta regionun daxilində baş verir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Hazırda Ermənistanda, eləcə də Gürcüstanda baş verən hadisələr bir başa ABŞ-nin, Aİ-nin və digər Qərb ölkələrinin bu ölkələrin daxili işinə, yəni Ermənistanın və Gürcüstanın daxili işlərinə, orda cərəyan edən daxili siyasi proseslərə kobud müdaxiləsinin nəticəsidir. ABŞ və Aİ Cənubi Qafqazda sülhün və sabitliyin olmasını istəmir, ona görə də Ermənistan hazırda Qərbin sifarişləri əsasında bu regionda ABŞ, Aİ, Fransanın və digər Qərb ölkələrinin hərbi-siyasi forpostu rolunu oynayır. İndi belə anlaşılır ki, Qərb siyasi dairələri eyni prosesi Gürcüstan üzərində də aparmağa cəhd göstərir. Gürcüstanda da Qərb tərəfdarları, Avropa Birliyinə üzv olmaq niyyətində olan daxili siyasi qüvvələr Gürcüstan hökümətinin xarici agentlərin fəaliyyətini nəzarətə almaq məqsədi güdən qanunun qəbuluna etiraz olaraq ölkədə situasiyanı qarışdırmağa başlayıblar. Həmin qüvvələr faktiki olaraq ABŞ və Qərb tərəfindən fəal şəkildə dəstəklənirlər. Üstəlik, Gürcüstanın Prezidenti Fransa vətəndaşı olub və bəzi məlumatlara görə, o da Qərbin sifarişlərini fəal şəkildə yerinə yetirir. Gürcüstanda daxili gərginliyi artıran siyasi qrupların aksiya keçirmək tələblərini dəstəkləyir. Bir neçə gün bundan əvvəl də Gürcüstanın Baş naziri Gürcüstanın Prezidentini Gürcüstana xəyanətdə ittiham etmişdi. Belə anlaşılır ki, hazırda Gürcüstan ABŞ və Qərbin kobud müdaxiləsinin təsiri altına düşüb. İndi baş verən hadisələr birbaşa Qərbdən idarə olunur. Avropa Birliyini təmsil edən rəsmi şəxslərin son açıqlamalarında belə bir məqam xüsusi vurğulanırdı ki, əgər Gürcüstan xarici agentlərə qarşı olan həmin qanunun təsdiqlənməsində israrlı olarsa, o zaman Gürcüstanın Avropa Birliyinə üzvlüyü mümkün olmayacaq. Bu proses bloklanmış olacaq. Faktiki olaraq ABŞ, Qərb, Avropa Birliyi, Fransa və bu regiona müdaxilə etmək niyyətində olan digər dövlətlər faktiki olaraq Gürcüstana təzyiq göstərirlər ki, onların ərazisində xarici agentlərin, xarici ölkələrə xidmət edənlərin fəaliyyətinə heç bir əngəl törədilməsin. Yəni Gürcüstan dövləti öz milli təhlükəsizlik maraqlarını qorumasın. Halbuki Qərbin özündə hər hansı bir şəxs həmin ölkənin milli təhlükəsizlik maraqlarına zidd fəaliyyət göstərərsə, dərhal həmin şəxs haqqında hüquqi tədbir görülür. Məsələn, ABŞ, Fransa və yaxud Avropa Birliyinin hər hansı bir dövləti öz vətəndaşının Çinə, hətta Rusiyaya xidmət etməsinə razılıq verə bilərmi? Əgər verə bilərsə, onda Gürcüstanda da xarici agentlərə qarşı qanunun qəbuluna Qərbin etiraz etməsini anlamaq olar. Ancaq Qərbdə belə bir şey mümkün deyil. Belə bir şey mümkün deyilsə, onda Gürcüstan hökümətinin ölkənin milli təhlükəsizliyini qorumaq üçün atdığı addımlara Qərbin etirazları tamamilə məntiqsiz, absurd və məkrli xarakter daşıyır. Qərb siyasi dairələri çalışırlar ki, Gürcüstanda onlara xidmət edən, Qərbə xidmət edən, Qərbin nəzarəti altında olan adamlar toxunulmazlıq hüququ qazansınlar və Qərbin bütün sifarişlərinin Gürcüstanın daxilində reallaşdırılmasında tam sərbəst olsunlar. Təbii ki, Gürcüstan höküməti buna imkan verməz. Bütün bu hadisələrin sonunda böyük ehtimalla, Gürcüstanda xarici agentlərin, yəni Qərbin maraqlarını təmsil edən şəxslərin Gürcüstanın milli təhlükəsizliyinə qarşı yönələn fəaliyyəti maksimum səviyyədə məhdudlaşdırılmış olacaq. Əks halda Gürcüstan üçün ciddi problemlər yarana bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla