AZ

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Baş

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) fəal iştirak edir və üzv dövlətlərlə yaxın əməkdaşlıq əlaqələrinə malikdir.

Bu fikri AZƏRTAC-a açıqlamasında İƏT-in Baş katibinin müavini Jandos Asanov deyib.

O bildirib ki, “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun keçirilməsində təşkilati işlər Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilib.

“Bütün sahələrdə olduğu kimi, Azərbaycan təşkilat çərçivəsində də turizmin inkişaf etdirilməsi, turist səfərlərinin artırılması, viza problemlərinin asanlaşması kimi məsələlərin həllində mühüm rol oynayır. Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir. Bu sistemlə Azərbaycana səfər etmək istəyən turistin səfirlik və konsulluq idarələrinə gedib müraciət etməyinə ehtiyac qalmır. Səfərə hazırlaşan turist internet üzərindən ödəniş edib viza ala bilir”, - deyə J.Asanov vurğulayıb.

Baş katibin müavini nəzərə çatdırıb ki, İƏT üzvləri arasında turizmin bütün sahələri üzrə əməkdaşlıq üçün imkanlar var: “Üzv dövlətlərdə sağlamlıq turizmi, ekoturizm, dini turizm, qış turizmi, dağ turizmi üçün böyük potensial var. Azərbaycanın tarixi abidələri və təbiəti, Tacikistanın dağları, İranın dini məbədləri, Özbəkistanın tarixi və meyvə bağları, Türkiyənin dənizləri, Qazaxıstanın səhraları və digər ölkələrdəki mövcud iqlim və təbii şərait turizmin inkişafı üçün böyük imkanlar yaradıb. İƏT-in birgə qərarı ilə turizm paytaxtlarının seçilməsi artıq ənənə halını alıb. Hazırda Özbəkistanın Şəhrisəbz, 2025-ci ildə Türkiyənin Ərzurum, 2026-cı ildə Azərbaycanın Şuşa şəhəri İƏT-in turizm paytaxtı seçiləcək”.

J.Asanov qeyd edib ki, bu gün keçirilən forumun panel iclaslarında üzv dövlətlər arasında ümumi standartın müəyyən edilməsi məsələsini müzakirə edib, qərar qəbul edəcəklər.

“Ümumi standart dedikdə ilk növbədə viza probleminin həlli nəzərdə tutulur. Təşkilata üzv dövlətlərin bir çoxu arasında vizasız gediş-gəliş var. Lakin bəzi dövlətlər arasında hələ də pasporta viza vurmaq ənənəsi qalmaqdadır. Bununla yanaşı, ölkədə qalmaq müddəti də müzakirə olunmalıdır. Bəzi ölkələrə vizasız daxil olmaq olsa da ölkədə qalmaq üçün az müddət müəyyən edilib ki, bu da səfərin qısa olmasına səbəb olur. Bu kimi məsələlərin həll olunması istiqamətində də İƏT-də fəaliyyətini davam etdirir”, - deyə J.Asanov qeyd edib.

Azərbaycana yenidən gəlmək arzusunda olduğunu bildirən və ölkəmizin turizm potensialının diqqət cəlb etdiyini deyən J.Asanov bildirib ki, Bakı günəşli şəhərdir. Bununla yanaşı Azərbaycanın regionlarının da göz oxşayan təbiəti olduğunu əlavə edən J.Asanov bu nüansların turistlər üçün Azərbaycanı sevimli məkana çevirdiyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla