AZ

Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb

Mayın 2-də xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Rusiya tərəfinin ölkəmizdə təşkil olunan mötəbər beynəlxalq tədbirlər, o cümlədən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aktiv iştirak və töhfəsinin məmnunluq doğurduğunu bildirib.

İki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli dialoqun, habelə intensiv təmasların münasibətlərin inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Mövcud ikitərəfli əməkdaşlığın regional və beynəlxalq formatlar çərçivəsində davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

COP29 sədrliyimiz çərçivəsində görülən işlərdən bəhs edən nazir Ceyhun Bayramov, bu istiqamətdə əməkdaşlıq üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.

Postmünaqişə dövründə mövcud regional vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandıran nazir Ceyhun Bayramov, delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın sülh gündəliyi çərçivəsində olduqca müsbət irəliləyiş olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə, ölkəmizin normallaşma prosesinin bütün elementləri üzrə real nəticələrin əldə edilməsində qərarlı olduğunu vurğulayıb.

Xüsusi nümayəndə Mixail Şvıdkoy iki ölkə arasında müxtəlif, xüsusilə təhsil, mədəniyyət, texnologiya və innovasiyalar sahələri üzrə əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu, bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Azərbaycan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
30
Mənbələr
Şərh ()
Bağla