AZ

İş yoldaşının ölümünə səbəb olmaqda təqsirləndirilən şəxsə yüngül cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqla ölümünə səbəb olmaq təqsirləndirilən Rüfət Əkbərlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Nicat İmanov məlumat verib.

Onun sözlərinə görə, hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.Əkbərliyə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Vəkil bildirib ki, ittiham aktına əsasən, R.Əkbərli Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Lakin məhkəmə onun əməlini CM-nin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edib və bununla da E.Əkbərlinin cəzası yüngülləşib.

"Müdafiə etdiyim şəxsin cinayət təqibi ilə bağlı olan bütün hallar lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılıb. Cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin ifadələrinə, sübutlara qiymət verilərək təqsirləndirilən şəxsin hüquq və qanuni mənafeləri bərpa edilib. Artıq məhkəmələrdə aparılan islahatların bariz nümunələri Bakı Ağır Cinayətlər Məhkəməsində hiss olunur", - deyə N.İmanov qeyd edib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Səbail rayonunda qeydə alınıb. Belə ki, rayonun Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsi 57 ünvanında yerləşən restoranlardan birində R.Əkbərli iş yoldaşı Azər Ömərovla güləşməyə başlayıb. R.Əkbərli A.Ömərova fənd tətbiq edərək onu zərblə yerə yıxıb. Ağır bədən xəsarətləri alan A.Ömərov hadisə yerində dünyasını dəyişib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
50
Mənbələr
Şərh ()
Bağla