AZ

Taciklər Rusiyadan qovulur

Təkcə dörd gün ərzində Vnukovo hava limanından 643 Tacikistan vətəndaşı deportasiya edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Asia-Plus" media qrupu öz teleqram kanalında məlumat yayıb.

“643 Tacikistan vətəndaşı Rusiya hakimiyyəti tərəfindən bir neçə gün lazımi şərait olmadan saxlandıqdan sonra deportasiya edilib",- kanal bu barədə Tacikstan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, Tacikistanın daha 117 vətəndaşı barəsində deportasiya haqqında qərar qəbul edilib.

“Hazırda həmin vətəndaşlar da Vnukovo hava limanında müvəqqəti saxlama zonalarında qeyri-insani şəraitdə saxlanılır və vətənə çatdırılmasını gözləyirlər”, - deyə məlumatda bildirilir.

Nəşr mənbəyə istinadən əlavə edir ki, oxşar çətin vəziyyət Şeremetyevo, Jukovski və Domodedovo hava limanlarında da müşahidə olunur.

Bundan əvvəl Tacikistan Xarici İşlər Nazirliyi Tacikistan və Rusiya xarici işlər nazirləri Sirociddin Muxriddin və Sergey Lavrov arasında Rusiya tərəfinin xahişi ilə baş tutan telefon danışığı barədə məlumat yayıb.

“Görülən tədbirlərin müvəqqəti xarakter daşıması, onların konkret millətə və ya dinə qarşı yönəlməməsi, keçid məntəqələrində vəziyyətin tədricən normallaşması xüsusi vurğulanıb”, - Rusiya XİN-dən bildiriblər.

Sultan AYXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla